“Əhməd haradadır?”ın “Ceyran”ı: “Çəkilişlər dövründə hamilə idim və bunu gizlətməli olurdum”- MÜSAHİBƏbackend

“Əhməd haradadır?”ın “Ceyran”ı: “Çəkilişlər dövründə hamilə idim və bunu gizlətməli olurdum”- MÜSAHİBƏ

“Həyat yoldaşım Bakıda faciəvi şəkildə vəfat etdi”

“Azərbaycanın fəxri adına layiq görülsəm, bu mənim üçün böyük şərəf olar”

Bu gün Azərbaycanın milli kinosunun yaranmasından 121 il ötür. Milli Kino Günündə 56 il öncə lentə alınan və bu gün də tamaşaçıların böyük həvəslə izlədiyi “Əhməd haradadır?” filmində ən parlaq obrazlardan biri olan Ceyran rolunu yaradan Gürcüstanın Xalq artisti Nana Paçuaşvili “Report”un yerli bürosuna müsahibə verib. 

– “Əhməd haradadır?” filmi peşəkar fəaliyyətinizdə necə rol oynayıb?

– Rejissor Adil İsgəndərovun “Ceyran” roluna niyə məhz məni seçdiyini hələ də bilmirəm. Bilirsiniz ki, bu filmin çəkilişləri zamanı həyatımda ən böyük faciəni yaşadım. Həyat yoldaşım Bakıda faciəvi şəkildə vəfat etdi. Yaşadığım ağır günlər indi mənə yuxu kimi gəlir. Sanki həmin gənc qız mən olmamışam. Həyatım tam dəyişdi. Bu faciəni ürəyimdə daşıyıram. Tez-tez ağlayıram. Oğlum həyat yoldaşımın ad və soyadını daşıyır. Oğulu tək boya-başa çatdırmaq, tərbiyə vermək çox çətin oldu.

Həyat yoldaşımı itirəndən sonra Bakıya bir daha heç vaxt getməyəcəyimi düşünürdüm. Lakin uzun illərdən sonra Bakıda qastrol səfərinə getməli oldum. Peşəmi çox sevdiyimdən mən özümü dəf etdim. Elə o zaman Bakıya yenidən vuruldum. Bakı çox dəyişib. Azərbaycan xalqı isə əvvəlki kimi isti, hissiyatlı və qonaqpərvər olaraq qalıb. Mənə Azərbaycanda “Ceyran xanım” deyirlər və bu, mənim çox xoşuma gəlir.

Gürcülərin azərbaycanlılara xüsusi sevgisi var. Xalqarımız arasındakı münasibətlərdə heç bir səhvə yol verilməyib. Elə xalqlar var ki, digər xalqa qarşı münasibətini gizlədir. Lakin gürcü və azərbaycanlılar dürüst xalqlardır və münasibəltərini heç zaman gizlətmir.

– Gürcü qız üçün azərbaycanlı “Ceyran”ı yaratmaq çətin olmadı?

– Ceyran müasir qız olduğundan onu canlandırmaq çətin olmadı. Yaşadığım faciəyə görə rəqs edə bilmirdim. Lakin rejissor çıxış yolu tapırdı. Məni iri planda çəkmirdilər. Hamilə olduğumu da gizlətməli olurdum. Plastikam da dəyişmişdi. Ən əsası odur ki, “Ceyran”ı tamaşaçılar çox sevdi.

Bu hadisə çoxdan olub. Tbilisidə nar alırdım. Narı Azərbaycandan gətirmişdilər. Satıcı da azərbaycanlı idi. O, mənə ona çox tanış gəldiyimi və əvvəllər məni haradasa gördüyünü dedi. Mən də cavabımda “Ceyran”ı oynadığımı söylədim.

– Filmin çəkiliş proseslərində ab-hava necə idi? Sizə münasibətdən razı idiz?

– Bütün çəkiliş qrupu mənə böyük sevgi ilə yanaşırdı. Filmdə anamı oynayan böyük aktrisa Nəcibə Məlikovanı çox istəyirdim. Nəcibə xanım çox cazibədar qadın idi. Heyət üzvlərinin hər birinin ona çox gözəl münasibəti vardı.

– “Əhməd haradadır?” filmindən sonra başqa kinolara çəkildinizmi?

– Mən güclü qadınam. O faciədən sonra bir sıra problemlər də yaşamışam. Amma onlar indi maraqlı deyil. Dahi gürcü rejissoru Mixail Tumanişvilinin yanına qara geyimdə gedəndə, o mənə dedi ki, böyük faciə və təlatümlər yaşayan aktyorlar daha yaxşı aktyorlar olur. Əlbəttə ki, həmin aktyorda tələb olunan göstəricilər də olmalıdır.

Sonralar kinoda tez-tez çəkilmədim. Mən teatr aktrisasıyam. 100-dən çox rol oynamışam. Rustaveli adına Teatr Gürcüstanda ilk və çox nüfuzlu teatrdır. Böyük rejissorumuz Robert Sturua ilə tamaşalarımızla bütün dünyanı gəzmişik. Rustaveli Teatrı ilə yanaşı digər teatrlarda da çalışıram. İndi teatrlarda daha çox gənc aktyorlar tələb olunur.

Amma mən milliyətcə meqreləm, güclü xarakterim var, çox işgüzaram, haradasa tərsəm. Məni aktrisa kimi fərqli edən cəhətlərim müxtəlif tipajlı rollar yaratağıma imkan verir. Zaman elə sürətlə ötür. Xüsusən də aktyorlar üçün. Belə ki, bizim həyatımız səhnədə, məşqlərdə keçir. Bir çox nailiyyətlər qazanmışam. Rustaveli adına Teatrın qarşısında 2013-cü ildə ulduzum da açılıb. Bu, Gürcüstanda sənəd adamına verilən ən yüksək dəyər göstəricilərindən biri hesab olunur.

– Filmdəki “Şofer Əhməd” – Elxan Qasımovla dostluq münasibətləriniz bu günə qədər davam edir.

– Bəli. Elxanla isti münasibətlərimiz var. Bayramlar və ad günlərində bir-birimizi təbrik etməyi yaddan çıxarmırıq. Ümid edirəm ki, Elxanın sağlamlıq durumu da, işləri də yaxşıdır.

– Azərbaycana bu yaxınlarda səfər etməyi planlaşdırırsınızmı?

– Mən həm də Atoneli teatrında rəhbərəm. Truppa ilə Böyük Britaniya, Fransa və digər ölkələrdə qastrol səfərlərində olmuşuq. Azərbaycana da getmək istəyirdik. Azərbaycanın Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Gənc Tamaşaçılar Teatrı ilə danışıqlar aparıldı. Lakin təəssüflər olsun ki, maliyyə problemi səbəbindən səfərimiz baş tutmadı. Ümid edirəm ki, Bakıya qatrol səfərimiz alınacaq. Sizin nazir Əbülfəs Qarayev də tapşırıq vermişdi ki, Azərbaycan və Gürcüstan teatrları arasında əməkdaşlıq gücləndirilsin, kiçik truppaların qarşılıqlı qastrol səfərləri təşkil olunsun. Amma sonra işlər yarımçıq qaldı. Gürcüstanla müqayisədə Azərbaycanın imkanları daha böyükdür. Ümid edirəm ki, Azərbaycan tərəfi bizim qastrol səfərimizin baş tutmasına dəstək göstərəcək.

– Sizcə “Əhməd haradadır?” filmi kimi köhnə filmlərin bu gün də sevilməsi və böyük rəğbətlə izlənməsinin sirri nədədir?

– Köhnə gürcü filmləri də çox sevilir. Mən artıq böyük nənəyəm. Nəvələrim və nəticəm var. Mən özüm də, nəvələrim də köhnə filmləri böyük həvəslə izləyirik. Həmin filmlərdə incəlik var. Köhnə filmlər xalq filmləridir. Onların kökləri xalqdan gəlir və “Əhməd haradadır?” filmi də məhz bu filmlərdəndir.

– Azərbaycanda hansısa fəxri ad və ya mükafat almısınızmı?

– Çox qəribə və təəccüblü olsa da, xeyr. (gülür) Azərbaycan mənə fəxri ad verməyib. Amma hesab edirəm ki, verə bilər. “Əhməd haradadır?” filmi çoxdan lentə alınıb və yəqin buna görə də Azərbaycan dövlətinin fəxri adına layiq görülməyimin vaxtı keçib. Bu ad mənə verilsə, mənim üçün böyük şərəf olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*