“Ekoloji biliyə yiyələnmədən təbiətdən və onun ehtiyatlarından səmərəli istifadə etmək mümkün deyil” – ÖZƏLbackend

“Ekoloji biliyə yiyələnmədən təbiətdən və onun ehtiyatlarından səmərəli istifadə etmək mümkün deyil” - ÖZƏL

İnsan özünə lazım olan hər şeyi, yəni  hava, su, maddi nemətlər, sənaye üçün xammal və sair resursları təbiətdən alır. Lakin təəssüflər olsun ki, bu sərvətlərdən kor-təbii istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə məruz qalır. Mövcud durum müasir elmi-texniki tərəqqinin inkişaf etdiyi bir dövrdə daha da kəskinləşir. Belə ki, dünyada insanların sayının artması, onların tələbatının yüksəlməsinə səbəb olur. Yer sərvətlərinin istifadəsinin durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətəbiqi və istehsalının genişlənməsi ətraf mühitin korlanmasına ciddi təsir göstərir. Odur ki, ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyil. Söz yox ki, elmi-texniki tərəqqi keyfiyyətcə yeni yüksək mərhələ kimi cəmiyyətə böyük fayda verir. Yəni əhalinin ümumi güzəranının inkişafına şərait yaradır, müasir metodlarla insan, heyvan və bitki xəstəliklərinin qarşısını alır, insanların ömrünü uzadır, uşaq ölümünün faizi getdikcə aşağı düşür. Lakin cəmiyyətdə sivilizasiyanın inkişafı bir sıra neqativ ekoloji hadisələrlə də nəticələnir. Məsələn təbii ehtiyatlar tükənir, ətraf mühit hadisələrlə çirklənməyə məruz qalır, antropogen təzyiqin güclənməsi ilə təbii ekosistemlərin kasadlaşması və deqradasiyası nəticəsində biosferin tarazlığının pozulması müşahidə olunur. Bütün bu hadisələrin nəticəsində isə  bəzən qlobal ekoloji böhran fikri meydana çıxır.

Etiraf etmək lazımdır ki, hazırda Azərbaycanda da ekoloji mühitin pozulması, meşələrin, çəmənlərin, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxarılması, Kür, Araz və digər çayların, Xəzərin, torpağın, havanın çirklənməsi, bir sıra bitki və heyvan növlərinin azalması halları müşahidə olunur. Məhz bütün bu amilləri nəzərə alaraq Azərbaycan hökuməti ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində bir sıra vacib işlər görür. Məsələn ölkə başçısının 2006-cı il, 28 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” hazırlanıb. Plandan irəli gələrək Bakı Buxtasının, Bibiheybət zonasının, Bakı Beynəlxalq Hava limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, lay suları altında qalan sahələrin və digər istehsalat tullantıları ilə çirklənən ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə maliyyə vəsaitləri ayrılıb. Bu məqsədlə Bakı şəhəri ərazisində Buzovna qəsəbəsində layihə gücü 10 min m3, Şüvəlan qəsəbəsində layihə gücü 18 min m3 olan bioloji təmizləmə qurğuları tikilərək istismara verilib. Hövsan Aerasiya Stansiyası rekonstruksiya edilib və gün ərzində 200 min m3 gücə malik yeni bioloji təmizləmə qurğuları tikilərək layihə gücü 600 min m3/gün-dən 800 min m3/gün-ə çatdırılıb. Eyni zamanda Sumqayıt şəhərində layihə gücü 200 min m3/gün olan yeni bioloji təmizləmə qurğuları tikilib istismara verilib. Bundan başqa Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və təmizlənərək dənizə axıdılması məqsədilə beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılıb. Hər il avqust ayının 12-si “Xəzər günü” və sentyabr ayının son həftəsi “Beynəlxalq Dəniz Günü” ilə əlaqədar olaraq Xəzər dənizinin Azərbaycana mənsub olan sahil zolağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlər keçirilir. Təqdirəlayiq haldır ki, Azərbaycan Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə dövlət hesab oluna bilər.

  • Qeyd etmək lazımdır ki, şəhər və digər yaşayış məntəqələrində ətraf mühitin mühafizəsi işində yaşıllıqların rolu əvəzedilməzdir. Yaşıllıqların səhiyyə-gigiyena əhəmiyyəti havanı nəqliyyat və sənaye müəssisələrinin buraxdığı zəhərli qazlardan və tozdan təmizləyir, havanın rütubətliyini artırır, küləyin sürətini zəiflədir, nəqliyyatın səs-küyünü azaldır, yayın qızğın vaxtlarında sərinlik yaradır. Bununla yanaşı, yaşıl xiyabanlar, bağlar, yolkənarı yaşıllıqlar, parklar, şəhər, qəsəbə və digər yaşayış məntəqələrinin abadlaşdırılması memar-bədii tərtibatın mühüm elementlərindən biri sayılır. Ona görə də, Azərbaycanın demək olar ki, bir çox iri şəhər və qəsəbələrində, o cümlədən rayon və kəndlərində yaşıllıqların qorunması üçün zəruri tədbirlər görülür. Lakin bütün bu məsələlər kompleks yanaşma tələb edir. Ümid edirik ki, ekoloji mühitin qorunması istiqamətində dövlətlə yanaşı həm vətəndaşlar, həm də yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququna malik qurumlar fəal olacaqlar. Bu cür müsbət dəstək sözsüz ki, ekoloji sahənin daha da inkişafına müsbət təsir göstərəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*