Ekoloqdan SOS: “Bakıda çoxmərtəbəli binaların inşası dayandırılmalıdır”backend

Ekoloqdan SOS: “Bakıda çoxmərtəbəli binaların inşası dayandırılmalıdır”

Bu günlərdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Zığ qəsəbəsindəki bəzi fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı müvafiq qərar imzalayıb. Qərara səbəb isə sözügedən evlərin sürüşmə zonasında yerləşməsidir. Artıq söküntü işləri ilə bağlı hazırlıqlara başlanılıb.

Ümumiyyətlə, paytaxtımızda ən çox sürüşmə təhlükəsində olan ərazilər hansılardır? Bu istiqamətdə çıxış yolu nədən ibarətdir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.

O bildirib ki, hələ XX əsrin əvvəllərindən etibarən Bakı neftinin çıxarılması, neft quyularının qazılması torpaq süxurlarını zədələyib. Əfsuslar olsun ki, 90-cı illərdən başlayaraq Bakıya planlı və plansız şəkildə əhalinin sürətli axını gerçəkləşdi.

“Sürüşmə zonalarının ən təhlükəli hissələrindən biri də məhz Bayıl yamacıdır. O ərazilərdə qrunt və kanalizasiya sularının birləşməsi ilə tektonik titrəyişlər səbəbilə sürüşmələr artmağa başlayıb. Bayıl ərazisində dəfələrlə sürüşmə hadisələri və təbii fəlakətlər baş verib. Sizin də qeyd etdiyiniz kimi, Suraxanı rayonunun Zığ qəsəbəsi də sürüşmə zonasına daxil olduğuna görə yaşayış üçün təhlükəli hesab olunur”.

Ekspert, həmçinin, Şüvəlan, Fatmayi və Bilgəhdə yeraltı çatların olduğunu bildirib. “Buna da səbəb torpaq bərkitmə işlərinin düzgün aparılmaması və kanalizasiya sisteminin bərbad olmasıdır. Hazırda ETSN və müvafiq dövlət qurumları bu istiqamətdə müəyyən addımlar atmağa çalışır. Lakin atılan addımlar real təhlükələri qabaqlamaq üçün yetərli deyil. Amma dövlət qurumlarının bu sahədə təşəbbüsləri problemin həll olunacağına ümid yaradır”.

Qorxmaz İbrahimli Bakının həddən artıq yüklədiyini də xatırladaraq təklif edir ki, paytaxt əhalisinin bir qismini könüllü olaraq işğaldan azad olunmuş ərazilərimizə köçürməklə bağlı dövlət proqramı hazırlanmalıdır. “Paralel olaraq Bakıdakı bir sıra ali məktəblərin də regionlara köçürülməsində fayda var. Eyni zamanda, Bakının seysmik zonada yerləşdiyini nəzərə alaraq, gələcəkdə bu şəhərdə çoxmərtəbəli binaların inşası tamamən dayandırılmalıdır. Əks halda proses belə davam edərsə, yaxın gələcəkdə ciddi problemlər və təhlükələr qaçılmaz olacaq”, – geyə ekoloq fikrini əsaslandırıb.

Bünyamin Bünyadzadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*