Laçın dəhlizi danışıqlarının yeni detalları məlum olub.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Medianın yazdığına görə, danışıqlar hələ ki, nəticə verməyib.
“Rusiya sülhməramlıları arasından olan mənbəmiz yolun açılması ilə bağlı aparılan danışıqlardan yeni məlumatlar yayıb. Danışıqlar Rusiya sülhməramlı komandanlığının vasitəçiliyi ilə aparılır.
Danışıqların birinci raundu nəticəsiz başa çatıb. Ermənistan tərəfi azərbaycanlılara yolu açmağı təklif edib. Bundan sonra ekoloqların kiçik bir qrupunun mədənlərə daxil olmasına və monitorinq keçirməsinə icazə verəcəklərini vəd edib. Azərbaycan tərəfi isə tələb edib ki, əvvəlcə qrupa mədənlərə getməyə icazə versinlər və monitorinqlərə başlasınlar, bundan sonra yolu açacaqlar. Tərəflərdən heç biri bu məsələdə güzəştə getmək istəmədiyindən danışıqlar uğursuz olub.
Erməni tərəfi ümid edirdi ki, beynəlxalq ictimaiyyətin təzyiqinin təsiri altında, BMT Təhlükəsizlik Şurasının, Avropanın müxtəlif strukturlarının və rəsmilərinin bəyanatları ilə Azərbaycan təsir altına düşəcək və yolu açacaq. Lakin bu bir faktdır ki, düşmənimiz hələ də yolu açmayıb.
Güc metodlarından da istifadə olunmur. Çünki Rusiya bu yemi “udmaq”, özünə qarşı ikinci müharibə cəbhəsi açmaq, Laçın yolu uğrunda vuruşmaq, Türkiyə-Azərbaycan ordusuna qarşı çıxmaq istəmir.
Qarabağda anladılar ki, kənardan kömək olmayacaq və Ermənistandan da kömək gözləmək boş söhbətdir.
Əldə etdiyimiz məlumata görə, Qarabağ bir neçə ay dözə bilər. Ərzaq, yanacaq və digər malların tədarükü kifayət edəcək. Lakin yolun bağlanması, ilk növbədə, Qarabağda psixoloji problemlər yaradır. İkincisi, uzunmüddətli blokada gələcəkdə mənfi rol oynaya bilər. İnsanlar ailələrini Qarabağdan çıxara bilərlər, ona görə də yolun açılması təbii bir məsələdir.
Sadə dillə desək, Qarabağ indi güzəştə getməyə, yəni kiçik bir ekoloq qrupuna Qarabağ mədənlərinə birdəfəlik səfər etməyə icazə verməyə meyllidir”, – deyə media bildirib.
Xuraman Etibarlı,
KONKRET.az