Xanbulançay su anbarında suyun səviyyəsinin azalması ilə bağlı narahatlıqlar gündəmdədir.
Mövzu ilə bağlı hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlama verib.
Ekspert bildirib ki, Lənkəran rayonunda yerləşən və 1976-cı ildən istismara verilən Xanbulançay su anbarı əsasən çay əkinlərinin suvarılması üçün tikilib və 22 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edir. Onun ümumi su tutumu 52 milyon kubmetrdir.
“Anbarı lazımi miqdarda su ilə təmin etmək üçün Vəşəriçay üzərində sərfi 10 m³/san olan dağ tipli suqəbuledici tikilib. Suvarma isə sağ və sol sahil Xanbulançay kanalları vasitəsilə həyata keçirilir”, – deyə C.Hüseynov qeyd edib.
O, bildirib ki, yay aylarında suya tələbatın artması, həmçinin anbarı qidalandıran çayların azsulu rejimdə olması suyun həcmini əhəmiyyətli dərəcədə azaldır. Lakin payız-qış mövsümündə yağıntıların çoxalması nəticəsində anbara kifayət qədər su yığılır.
Ekspertin sözlərinə görə, hazırda su ehtiyatlarından səmərəli istifadə və düzgün tənzimləmə aparılarsa, yaxın gələcəkdə Lənkəran və Astara əhalisinin içməli su təminatında problem gözlənilmir.
Aynurə İsmayıl
KONKRET.az