Ekspertlər verilişlərə çıxmaq üçün nə qədər pul ödəyir? – Jurnalist “məndən almırlar” dedi, həkim danışmaq istəmədibackend

Ekspertlər verilişlərə çıxmaq üçün nə qədər pul ödəyir? – Jurnalist “məndən almırlar” dedi, həkim danışmaq istəmədi

Ötən həftənin müzakirələrə səbəb olan açıqlamalarından biri də televiziyalarda populyar sosial layihələrə qatılan ekspertlərdən külli miqadarda pul ödənişinin tələb edilməsi ilə bağlı iddia oldu. İddialara görə, həmin verilişlərdə ekspert qismində çıxış edən mütəxəssislərdən nə az, nə çox, ayda 15-20 min manat pul istənilir. Bir günlük efir üçün isə tələb olunan məbləğin 2000-2500 manat aralığında dəyişdiyi deyilir.

KONKRET.az cəmiyyətdə maraq doğuran bu iddianın nə dərəcədə real olduğunu aydınlaşdırmaq məqsədilə sözügedən verilişlərə ekspert qismində qatılan müxtəlif peşə sahiblərinin fikirlərini öyrənməyə çalışıb.

Məsələyə münasibət bildirən “Azinforum.az” saytının baş redaktoru Məhəmmədəli Qəribli ekspertlərin televiziyalarla ödənişli əsaslarla əməkdaşlığında qeyri-adi heç nə olmadığını deyib:

“Televiziya verilişləri və mediada reklam şərtləri daxilində işin qurulması tam qanunauyğundur. Əslində sağlam medianın, ümumiyyətlə, media resurslarının generatorluğunda elə reklam bazarı üstünlük təşkil etməlidir. Qeyd edilən populyar verilişlərdən mən də çox dəvət alıram. Amma uzun müddətdir ki, daimi olaraq bir verilişə ekspert qismində qatılıram. Məndən indiyə qədər bir qəpik də ödəniş tələb olunmayıb. Amma verilişlərdə təbii ki, reklam şərtləri ilə iştirak edənlər də var və bu, normaldır. Çünki istənilən sosial layihədə sponsorların adları çəkilir, yəni burada gizli heç nə yoxdur”.

Tanınmış jurnalist qeyd edib ki, verilişlərdə hər kəsdən birmənalı şəkildə pul alınmır:

“O ki qaldı qiymətlər məsələsinə, bu, redaksiyanın və ya verilişin özünün reklam siyasətidir və məxfi saxlanılır. Əgər kimsə iddia edirsə ki, hamıdan pul alınır, bu, tamamilə yanlışdır. Dəqiq bilirəm ki, bir çoxları (hüquqşünaslar, jurnalistlər, yazıçılar, millət vəkilləri, rejissorlarlar) verilişlərdə təmənnasız iştirak edir. Digər tərəfdən, əgər bu açıqlamanı verən adamlar özlərini reklam edib nəsə qazanmaq istəyirsə, təbii ki, bunun üçün pul ödənilməlidir. Amma bu, biz jurnalistlərə aid deyil. Birincisi, o qədər pulumuz yoxdur. Çünki burada söhbət çox fantastik rəqəmlərdən gedir (gülür). İkincisi, biz həmin verilişlərə qatılmaqla qazanc güdmürük, əksinə, bizi tanıyan, rəğbət bəsləyən insanlar yazırlar, problemlərinin ictimailəşdirilməsi üçün dəstək istəyirlər. Yəni əgər bizə bu cür müraciətlər olunursa, təbii ki, həmin proqramlardan kommersiya məqsədilə yararlana bilmədiyimiz üçün orada külli miqdarda pul verib əyləşməyimizlə bağlı deyilənlər də tamamilə əsassızdır”.

Əməkdaşımız mövzu ilə bağlı sosial layihələrin digər aparıcı eksperti – psixoterapevt Əli Nağıyevin də fikirlərini öyrənməyə çalışıb. Lakin həkim bu barədə açıqlama verməkdən imtina edib.

Ayan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*