Elarizin qızı məhkəmədə ifadə verdi – FOTObackend

Elarizin qızı məhkəmədə ifadə verdi – FOTO

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası olub.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə Nizami Alişanın həyat yoldaşı, müğənni Elarizin qızı Günel Alişan ifadə verib. O, təqsirləndirilən şəxsin vəkili Samir İsayevin vəsatəti əsasında əlavə şahid qismində ifadə verib.

İş materiallarında yazılanlara əsasən, Nizami Alişan 48 saatdan artıq şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, o, aprelin 9-da saxlanılıb və bir müddət ondan xəbər olmayıb. Daha sonra onun həyat yoldaşı Günel Alışan Daxili İşlər Nazirliyin 102 xidmətinə şikayət edib. Bundan sonra məlum olub ki, Nizami Alişan Daxili İşlər Nazirliyinin Kiberdələduzluqla Mübarizə İdarəsində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri isə həmin ilin aprelin 17-də seçilib.

Təqsirləndirilən şəxsin vəkili Samir İsayev iddia edib ki, müvəkkili 48 saatdan artıq müvəqqəti saxlanma yerində məhkəmə qərarı olmadan saxlanılıb və bu qanun pozuntusudur.

Günel Alişan ifadə verib ki, aprelin 9-da həyat yoldaşı ilə əlaqə saxlamaq mümkün olmayıb: “Həmin gün saat 17.40-a qədər onunla əlaqə saxlamışam. Həmin saatdan sonra telefonu bağlandı, əlaqə saxlaya bilmədim. Narahat oldum, təşviş keçirdim. Bizim telefonda olduğumuz yeri göstərir. Proqramda baxanda gördüm ki, eyni yerdə göstərir. Ertəsi gün də eyni yerdə olduğunu gördüm, amma zəng çatmadı. Çünki telefon harada söndürülüb, proqram da oranı göstərib.

Sonra polisə şikayət etdim, mən 28-ci polis bölməsinə dəvət olundum. Orada ərizə yazdım. Sonradan araşdırma aparılmadı. Bir neçə gün sonra bildik ki, Kiberdəlıduzliqla Mübariz İdarəsi tərəfindən saxlanılıb. Bundan sonra vəkil axtarışına başladıq. Aprelin 16-da Nizami mənə zəng etdi, müqavilə bağladığımız vəkildən imtina etməyimi istədi”.

Şahid iddia edib ki, həmin dövrdə həyat yoldaşına təzyiqlər olub. Onun sözlərinə görə, bu qanunsuzluqla bağlı Baş prokuror Kamran Əliyev, daxili işlər naziri Vilayət Eyvazov və ombudsman Səbinə Əliyevaya müraciət edib.

Günel Alişan daha sonra qeyd edib ki, aprelin 16-da idarəyə çağırılıb və orada vəkildən imtina edilməsi barədə ərizə yazmasını istəyiblər: “Biz də ərizə yazaraq vəkildən imtina etdik. Bundan sonra dövlət hesabına vəkil təyin olundu. Sonradan Nizami İstintaq təcridxanasına göndərildi”.

Nizami Alişan deyib ki, həyat yoldaşı vəkildən imtina etməsəydi, ona da birlikdə məsuliyyətə cəlb etməklə hədə-qorxu gəlinib.

Şahid bildirib ki, həyat yoldaşının qanunsuz saxlanılması ilə bağlı məhkəməyə müraciət edib.

Onun sözlərinə görə, məhkəmənin nəticəsi barədə bir məlumatı yoxdur.

Daha sonra şahid qismində Rövşən Dadaşov ifadə verib. O bildirib ki, 2002-2022-ci illər ərzində İnvest.Az şirkətində işləyib. Onun sözlərinə görə, Nizami Alişan da onlarla işləyib: “Əvvəlcə bizimlə birlikdə işlədi. Daha sonra isə sərbəst şəkildə özü maliyyə bazarında fəaliyyət göstəri, qiymətli kağızlarla bağlı birjalarda təhlillər aparır, sonra yatırımlar edib. Nizami Alişan şirkətin müştərisi olub. Yatırımlarına bağlı maliyyə şöbəsinə müraciət edib, yatırımlar edib. Vaxtı-vaxtında hesabatlarını verib”.

İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.

Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.

Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.

İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.

Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.

Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.

Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

Ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən “Hollivud” restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.

Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*