Müasir texnologiyalardan söhbət düşəndə ilk olaraq yada mobil telefon düşür. Az müddətdə sosial həyatımıza daxil olan smartfonlar sayəsində bir çox funksiyalar həyata keçirilir. Müxtəlif sistemlərin tətbiqinə qədər məmnunluq yaradan smartfonların insan həyatında önəmi böyükdür. Mobil telefonların müsbət tərəfi ilə yanaşı mənfi cəhətləri də yetərincədir. Bunlardan ən birincisi uşaqlarda telefona maraq və asılılıq yaratmasıdır. İndi mütəxəsislər uşaqların kütləvi şəkildə mobil telefonlara meyl etməsini problem hesab edirlər.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyir ki, uşaqların tefonlarla oynaması onların əqli geriliyinə gətirib çıxarır:
“Aşağı yaşlardan etibarən valideynlər uşaqları telefonlarla yedirtməyə çalışırlar. Valideyn düşünür ki, əgər mənim uşağım yemək yemirsə imuniteti aşağı düşəcək və xəstələnəcək. Vaideyndə uşağını itirmək qorxusu, onu həddindən artıq qoruma duyğusu problemə yol açır. Telefonu uşağın əlinə verərək onu yedirtməyə başlayır. Həmin uşaqlarda isə doyma hissi olmur, bu barədə beyinə siqnal çatmır. Valideyn beş, on dəqiqəlik roliki uşağa baxmağa məcbur edir. İstədiyi yeməyi də uşağına yedirtməyi bacarır və uşağın doyması da qətiyyən ağlına gəlmir. Uşaqlarda bu cür hallardan sonra telefona maraq yaranır. Sonra isə nəticə daha acınacaqlı olur. Telefonu uşağın əlindən ala bilmirik. Sonra o telefonda kinoya və oyunlara baxanda, hər hansı bir proqram üzərində işləyəndə davamlı olaraq yeməyə meyilli olduğu üçün artıq kilodan əziyyət çəkirlər. Bunlarda cinsi doyumsuzluq halları da baş verir.
Doyumsuzluq beş aydan etibarən uşaqlarda özünü müxtəlif hallarla göstərə bilir. Valideyn daha sonra bunu müəyyən yaşlarda dərk edir. Amma bu problemlər aşağı yaşlardan formalaşır. Uşaqlarda telefona maraq yaranandan sonra valideyn bəzən öz rahatlığı üçün uşağın qarşısına telofonu atır və uşaq saatlarla telefonda olur. Valideyn uşağın rahatlığından məmnun qalır. Amma düşünmür ki, uşaq bu gün rahat, səssiz ola bilər. Daha sonra bunun fəsadları çox pis olacaq. Telefondan asılı vəziyyətə düşürlər və bu proses saatlarla onların vaxtını aparır, dərsdən yayınırlar. Elə oyunlar var ki, onlarda aqressiya, gərginlik, nifrət, kin duyğuları formalaşdırır. ”Esma” adında bir cizgi filmi var, orada qız çox yaramazlıqlar edir. Onun etdiyini də sonradan həmin uşaq öz həyatında reallaşdırmağa başlayır. Çünki uşaq gördüyünü düzgün hesab edir.
Eləcə də “Maşa və ayı”da Maşanın elədiklərini sonradan uşaqlar öz həyatlarına köçürə bilirlər. Gününü telefon və televizor qarşısında keçirən uşaqların otuz faizi digər uşaqlara nisbətən əqli baxımdan geri qalırlar. Bütün bunlar mütəxəssislər tərəfindən təsdiqlənib. Normalda üç yaşında uşaq iyirmi dəqiqə olmaqla telefona iki dəfə baxa bilər. Dörd, beş yaşında uşaq yarım saat olmaqla iki dəfə baxa bilər. Altı yaşındakı uşaqlara isə telefona baxmaq üç dəfə məsələhət görülür. Bunlar da yarım saat intervalla həyata keçirilməlidir. Üç yaşına qədər uşaq iyirmi dəqiqədən artıq telofona baxmamalıdır. Əks halda uşaqda asılılıq yaradır. Eyni zamanda gələcəkdə zehni geriliyə gətirib çıxarır.
Valideynlər uşaqların hansı cizgi filimlərinin izləməsinə nəzarət etməlidir. Bəzən həmin oyunlar və cizgi filimləi uşaqların həyatında müəyyən fəsadlara yol açır. Valideynin özü bütün günü telofonda olanda uşaq da gördüyünü götürür. Bütün günü ananın telefonda olduğunu görən uşağın buna meyil etməsi normaldır. Bəzən azyaşlı uşaqlar müxtəlif sosial şəbəkələrdən istifadə edirlər və çox vaxt xoşagəlməz vəziyyətlə üzləşirlər. On üç yaşında qızın qırx üç yaşında kişiyə qoşulub qaçmasına səbəb də məhz sosial şəbəklərdir. Ona görə valedeynlər uşaqlarına xüsusi diqqət etməlidir. Uşaqların nəyə baxması daim diqqətdə saxlanılmalıdır.
Vəli Həsənov,
KONKRET.az