İnternet resurslarından istifadə geniş yayılıb və həyatımızın bütün sahələrini əhatə edir. Mobil tətbiqlər vasitəsi ilə həyata keçirilən əməliyyatların çeşidi də gündən-günə artmaqdadır. Dünyanın əksər ölkələrində sənədlərin rəqəmsallaşdırılması üçün islahatlar başa çatıb. Bəzilərində isə bu sahə hələ yeni öyrənilir. Müasir texnologiyaların tətbiqi yeni mərhələyə yol açır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz KONKRET.az-a açıqlamasında internet resurslarının rolundan danışdı.
Bildirdi ki, artıq dünyanın bir çox ölkələrində vətəndaşlarla bağlı sənədlərin rəqəmsallaşdırılması yekunlaşmaq üzrədir:
”Qazaxıstanda artıq vətəndaşlarla bağlı iyirmi yeddi kağız sənəd tam rəqəmsallaşdırılıb. Qazaxıstan vətəndaşının E-gov mobil tətbiqində olan aşağıdakı məlumatları tam olaraq “rəqəmsal sənəd” statusuna malikdir. Bunlar şəxsiyyət vəsiqəsi, pasport, etibarnamələr, sürücülük vəsiqəsi, ali məktəb diplomu, kollec diplomu, müvəqqəti yaşamaq üçün icazə, doğum haqqında şəhadətnamə, nigah sənədi, sığorta polisi və sairdir.
Qazaxıstan vətəndaşı ölkənin istənilən yerində qeyd olunanları telefonunda E-gov mobil tətbiqinə daxil olmaqla təqdim edə bilər, bu məlumatlar orijinal, kağız formada olan sənəd statusuna malikdir.
Yəni artıq heç bir yerdə Qazaxıstan vətəndaşından ənənəvi şəxsiyyət vəsiqəsi tələb edilmir. Bunun üçün telefonda E-gov mobil tətbiqindəki elektron məlumat, “Rəqəmsal şəxsiyyət vəsiqəsi” yetərlidir. Kağız və rəqəmsal sənədlər eyni hüquqi qüvvəyə malikdir”.
Azərbaycanda E-gov mobil tətbiqdəki məlumatlara gəlincə Osman Gündüz bildirdi ki, hələlik E-govun bizdə belə bir statusu yoxdur:
“Bizdə hətta, əksinə, hələ də adında “elektron” sözü olan sənədi yenidən kağıza çap etməklə tələb edən dövlət və özəl qurumları var. Məsələn, bəzən elektron qaimənin, əmlak haqqında elektron məlumatın kağıza çap edib təqdim edilməsi tələb olunur. Amma ayrı-ayrı dövlət qurumları, bu istiqamətdə addımlar atıb, elektron çıxarışlar, rəqəmsal sənədlər təqdim edir.
Məsələn Ədliyyə Nazirliyi “Mobil notariat” tətbiqi vasitəsilə Etibarnamələrin rəqəmsallaşmasını tam həll edib. Doğrudur, bəzi hallarda bu rəqəmsal sənədləri də tanımaqdan imtina edənlər, kağız formada tələb edənlər, vətəndaşın özünün gəlməsini tələb edənlər olur. Amma Ədliyyə Nazirliyi ədliyyə xidmətlərin rəqəmsallaşması sahəsində nəhəng işlər görüb.
Hələlik ölkəmizdə vahid bir servisdən, məsələn, E-gov mobil tətbiqindən, yaxud portaldan “rəqəmsal sənədlər” servisini almaq mümkün deyil. Buradakı elektron məlumatlar, sadəcə məlumatlardı, sənəd statusuna malik deyil.
Bildiyim qədər hazırda İRİA bu istiqamətdə ciddi işlər görür. Pərakəndə halda olan E-gov portallarının birləşdirilməsi, superportalın yaradılması da ləngiyir. Ümid edirəm RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaxın zamanlarda heç olmasa az sayda da olsa “rəqəmsal sənəd” statusuna malik olan məlumatları vahid bir servisdən telefonlarımıza inteqrasiya edə biləcək”.
Vəli Həsənov,
KONKRET.az