Əksər mağazalarda elektron məhsul alarkən əlavə “Qızıl zəmanət” paketləri təklif edilir. Bəziləri bu paketləri faydalı hesab edib, qızıl qiymətinə alır, bəziləri də bunun sadəcə marketinq hiyləsi olduğunu düşünür. Məhsul alarkən əlavə ödənişlə “Qızıl zəmanət” də götürən istehlakçı bu zəmanətdən faydalanmaq istərkən problemlərlə qarşılaşır.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, “Qızıl zəmanət” anlayışı heç bir sahədə yoxdur:
“Bu, biznes qurumlarının uydurmasıdır. Həmin anlayış müştərilərdən əlavə pul qoparmaq üçündür.
Elektronik malları satan şəbəkələr istehlakçıları ən çox aldadan şəbəkələrdir. Bunların içərisində az şikayət olunan mağazalar da var, çox şikayət olunanlar da”.
Eyyub Hüseynov qeyd edib ki, müştərilər bu kimi pul qoparma üsullarına qarşı diqqətli olmalıdır:
“Qızıl zəmanət” adı alıtında insanların aldadılması davam edir. AİB-ə gələn şikayətlərdə bu daha çox öz əksini tapır. İstehlakçı hüquqlarını pozan bu cür şirkətlər “pulunu verdin mənə, itil cəhənnəmə!” prinsipi ilə işləyir. Yəni vətəndaşdan pulu alır və bununla da qapılar bağlanır. Ona görə də, istehlakçılar ehtiyatlı olmalı, aldığı məhsulla bağlı çekləri uzunmüddət saxlamalı və “Qızıl zəmanət”ə əsla aldanmamalıdırlar”.