“Elələrinə heç 100 manat da vermərəm” – Əməkdar artistdən sərt ittihamlarbackend

“Elələrinə heç 100 manat da vermərəm” – Əməkdar artistdən sərt ittihamlar

Xanəndə Qəzənfər Abbasovun APA TV-də səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. O, bəzi müğənnilərin toylardan yüksək məbləğdə qazanc götürməsini tənqid edib və bunun həm qeyri-etik, həm də insanların maddi imkanlarına uyğun olmadığını vurğulayıb.

Sitat: “Toya gedirsən, get. Amma 2-3 min al, yaxşı 5 min manat al. 20 min pul almazlar axı. Millət bu pulu hardan versin? Hər kəs edə bilmir. Sən yalançı xanəndə olaraq, 20 mini necə alırsan, necə namusuna sığışdırırsan? Bizim böyüyümüz, el ağsaqqalımız Alim Qasımovdur, o bəyəm həmin qiymətə gedir?”

Müğənnilərin toylardan aldıqları haqqın müəyyən standartları olmalıdırmı?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan əməkdar artist Firuz Səxavət deyib ki, hər kəsin qonorar seçimi nəzərə alınmalıdır:

“Məbləği verib-verməmək toy sahibindən asılıdır. Qəzənfər müəllimin fikirləri ilə razıyam, lakin cəmiyyət sənətdən anlayışı olmayanlara pul verir. Burada ifaçının günahı yoxdur, günah pulu ödəyəndədir.

Müğənnilər kimdənsə pulu məcbur almır. Müstəqil dövlətdə heç kimə qiymətlə bağlı irad bildirə bilməzsən”.

Xanəndə sənəti olmayan müğənnilərə yüksək qonorar verilməsinin yanlış olduğunu vurğulayıb:

“Elə müğənnilərə heç 100 manat da vermərəm. Əgər pulu verirsənsə, deməli, sənin zövqünü oxşayan odur. Musiqini başa düşən adam heç vaxt elə müğənnilərə pul verməz.

Görün, cəmiyyət hansı vəziyyətə gəlib ki, ən lazımsız musiqilərə görə ödəniş edirlər. Günah o müğənnilərdə deyil. Xalq öz məclisinə sənətkarı deyil, “sənətkarları” dəvət edib yüksək qonorar verirsə, onlar da normal olaraq elə davranacaq”.

F.Səxavət musiqimizi əvvəlki səviyyəyə qaytarmaq üçün zaman və güclü təbliğatın vacibliyini qeyd edib:

“Məsələn, o bayağı mahnılar 3-5 gün radioda, efirlərdə səslənməsə, heç kimin yadına düşməyəcək. Təəssüf ki, hazırda efirlərdə elə müğənnilərdir və insanlar bunu qəbul edir. Milli musiqi bizim atributumuzdur, millətimizin köküdür, xalqımızın gələcəyidir. Bunu qorumaq vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*