Şərqdə çoxarvadlılıq adət halını alıb və iki arvadı olmayanlara pis baxırlar. Orta Asiyada da kişilərin əksəriyyətinin iki və ya daha çox arvadı var. Tacikistanda bu ənənəni aradan qaldırmaq niyyətindədirlər.
KONKRET.az xəbər verir ki, yeni qanun layihəsinə görə çox arvad alan kişi cərimə və ya iki il islah işləri ilə cəzalandırıla bilər. Amma bu, tacik kişilərini qətiyyən qorxutmur. Əksinə, taciklər babalarından qalma adəti “kişi” kimi yaşadırlar. Tacikistanda güclü sosial təbəqələşmə mövcuddur və Orta Asiyanın bu ölkəsində orta təbəqə anlayışı yoxdur. Oğlanların çoxu illərlə Rusiyada başlarını qatanda qızlar ərə getməyə oğlan tapa bilmirlər. Əgər tacik qızı 17, 18, 19 yaşında hələ də ailə həyatı qurmayıbsa, o, “qarımış” statusu daşıyır. Ətrafındakıların hamısı ona ərə getməyi təklif edir. Amma kimə? Qonum-qonşuda oğlanmı qalıb? Hamısı Rusiyanın küçələrində bir tikə çörəkpulu üçün çalışır. Deməli, yeniyetmə qız imkanlı yaşlı kişinin ikinci arvadı olmaq təklifini qəbul etməyə məcburdur. İkinci həyat yoldaşı olmağı qəbul edən qız uşaqları bu seçimləri ilə ailələrinə də qazanc gətirirlər. Məsələ burasındadır ki, tacik qızların başlıq paraları çox yüksəkdir və qız evinin bütün xərclərini ödəməyə yetir.
İkinci dəfə evlənənlər İslam dininin qaydalarını əsas gətirirlər. İkinci arvadla ZAQS-a getmək tələb olunmur. Sadəcə bir molla kifayət edir. Xüsusi mərasim təşkil edilir və dini proseduru molla həyata keçirir. Düzdür, qanun nikah şəhadətnaməsi tələb edir, amma taciklər buna elə də əhəmiyyət vermir.
Tacik qanunlarına görə, ikinci arvad birinci arvad kimi təmin edilməlidir. “Təzə bəy” ikinci arvad üçün ya ev alır, ya da tam əşyalı ev kirayələyir. Bəzən birinci arvadın bundan xəbəri olmur, biləndə isə heç nə edə bilməz. Tacik qadınları ikinci arvad statusu ilə niyə razılaşırlar? Tacik qızlarının əksəriyyəti evli qadın statusu almaq naminə bu addımı atır. Bəziləri ümidsizlikdən, tənhalıqdan və ya gələcəyindən qorxduğu üçün evin ikinci arvadı olmağa razılıq verir. Tacikistanda hesab edirlər ki, ilk evlilikdə ənənəvi olaraq valideynlər rol oynayır.
Amma ilk evlilik əksər hallarda uğurlu alınmır. Tacik kişiləri ikinci dəfə evlənəndə isə xoşbəxt olurlar.
Tacikistan qanunlarına görə, birinci arvad qayınata, qayınana qayğısına qalır, bütün ev işləri də onun üzərinə düşür. İkinci arvad isə bunların heç birini etmir. Onun özünün xüsusi statusu var. Özünə daha çox vaxt ayırır, hər gün bəzəkli formada ərini gözləyir və bütün boş vaxtını özünə sərf edir. Onun işi yalnız ərinin qayğısına qalmaqdır. Əri isə ikinci “matah”ını restoranlara və əyləncə mərkəzlərinə aparır. Kişinin qazancının yarısını gözəllik salonlarına xərcləyən ikinci arvadı məişət məsələləri qətiyyən narahat etmir. Ona görə də tacik qızlarının ikinci arvad olmaq arzusu buradan qaynaqlanır. İkinci arvadla daha yaxşı rəftar taciklərin adətidir. Bir məsələ də var ki, ikinci arvad adətən boşanmış və ya dul qadınlardan deyil, gənc və gözəl qızlardan seçilir. Zəngin kişilərin isə seçim etmək imkanları həmişə böyük olub və ən yaxşısını seçiblər.
Amma bunun da mənfi tərəfləri var. Nikah müəyyən olunmuş qaydada qeydə alınmadığı üçün qanunla deyil, yalnız müsəlman qaydaları ilə tənzimlənir. Boşanmış qadının yenidən ailəyə qəbul ediləcəyi ehtimalı azdır, onun aliment və vərəsəlik üçün müraciəti dövlət tərəfindən təmin edilmir. Buna görə də ikinci arvadlar üçün risk daha böyükdür. Münasibətlər pozulacağı təqdirdə qanun və ailə onları dəstəkləmir. Ancaq tacik qızlarını ikinci arvadın statusu tam qane etdiyindən onları qanuni nikah maraqlandırmır.
Vəli Həsənov,
KONKRET.az