Sabah Azərbaycan mediasının ən zəhmətkeş və peşəkar jurnalistlərindən biri olan, daim azad söz və fikir uğrunda mübarizə aparan, ömrünün 32 ilini jurnalistikaya həsr edən “Visiontv.az” saytının baş redaktoru Şöhrət El-Dəniz 50 illik yubileyini qeyd edəcək.
KONKRET.az informasiya portalının əməkdaşı yubiley ərəfəsində tanınmış jurnalistlə görüşərək onun həyat və fəaliyyəti, gələcək planları haqda müsahibə alıb:
– 50 illik yubileyinizdir, ömürün yarısını haqlamısız, özünüzü necə hiss edirsiz?
– Ömrün yarısını yox, bəlkə də üçdəikisini haqlamışam. Dünyanın işini bilmək olmur. Amma bütün hallarda fizioloji baxımdan özümü normal hiss edirəm. Təbii ki, dünyada və ölkədə baş verənlər mənəvi-psixoloji baxımdan gərginliklər yaradır. Gərginliklər isə müəyyən problemlər və stressə səbəb olur. Ölkədə baş verən hadisələr, qiymət artımı, sosial problemlər stress və gərginliyin yaranması ilə nəticələnir. Amma özümü pessimist notlarla kökləmək fikrində deyiləm. Daha çox optimistəm. Vətən müharibəsindən sonra baş verənlər, ordumuzun güclənməsi, Türk sisteminə keçid Azərbaycanın gələcəyi üçün optimist fikirlər səsləndirməyə əsas verir. Çünki əsas ordudur. Güclüsənsə, deməli varsan. Bu baxımdan müəyyən müsbət notları əlavə etdikdə özümü yaxşı hiss edirəm. Yəni döyüşkən ruhdayam.
– Necə düşünürsüz, 50 yaşdan sonra qarşıda görüləcək hansı işlər var?
– Mən fərqli sahələrə, dövlət qurumlarına işə dəvət olunsam da, bu təkliflərdən imtina etmişəm. Çünki mətbuatdakı azadlığımı çox qoruyuram. Mətbuat mənim üçün çox əhəmiyyətli bir sahədir. Təbii ki, planlarımız çoxdur. İşlədiyimiz saytın internet televiziyasını yaratmaq haqda fikirləşirik. Əslində “Visiontv” ilk olaraq internet televiziya kimi fəaliyyətə başlayıb. Lakin müəyyən problemlər və resursların olmaması yazılı sahəyə (sayt) keçməyimizlə nəticələnib. Hazırda siyasi, analitik xarakterli yazılar dərc edirik. Mən görüləcək işləri geniş anlamda şərh etmək istəyirəm. Mətbuatımızın saflaşmasının, müstəqilləşməsinin, azad fikir və söz sahiblərinin çox olmasının tərəfdarıyam. Bu baxımdan mübarizə aparıram.
Medianın İnkişafı Agentliyi Prezidentin elan etdiyi islahatları həyata keçirməyə və davam etdirməyə çalışır. O cümlədən Mətbuat Şurasının siması da yenilənib, İdarə Heyətinə yeni şəxslər daxil olub. Qurultayda mən də aktiv iştirak etmişəm. Yeni insanların seçilməsi Mətbuat Şurasının da inkişaf edəcəyinə ümid yaradır. Düşünürəm ki, indiyə qədər təyinatı üzrə fəaliyyət göstərməyən Mətbuat Şurası bundan sonra öz istiqaməti üzrə işləyəcək. Bu baxımdan biz də sakit oturmamalıyıq. Təbii ki, tənqidlərimizi etməli və təkliflərimizi verməliyik. Fikrimcə, Mətbuat Şurası çox aktiv bir fəaliyyət istiqamətini götürməlidir. Çünki dünyada və Azərbaycanda baş verən hadisələr operativlik tələb edir. O cümlədən hər bir ölkənin informasiya təhlükəsizliyi ön planda olmalıdır. Bunun üçün də Mətbuat Şurası avanqard rolunu oynamalı və bütün medianı öz ətrafında cəmləməlidir. Bütün bunlarla yanaşı, jurnalistlərin xırda və böyük olmaqla çoxlu problemləri mövcuddur. Bu problemlərin həllinə çalışılmalıdır. Dövlət strukturlarından informasiya əldə etmək baxımından ciddi çatışmazlıqlar var. Onların həllinə nail olunmalıdır. Jurnalistlərin etdiyi hansısa səhv onların həbsinə gətirib çıxarmamalıdır. Bu da ajiotaj yaradıb dünyada səs-küyə səbəb olmamalıdır. Bütün bunların qarşısını Mətbuat Şurası almalı və jurnalistlərin arxasında durmalıdır. Bu baxımdan həm öz saytımızın inkişafına yönəlik addımlar atırıq, həm də Azərbaycan media məkanında irəliləyişlərə nail olmaq üçün töhfə verməyə çalışırıq.
– 50 illik ömrün neçə ilini jurnalistikaya həsr etmisiniz? Bu sahə sizə nələri qazandırıb və ya sizdən nələri alıb?
– 50 ilin 32 ilini mətbuatda çalışmışam. 1989-cu ildə məktəbi bitirib instituta qəbul oldum. O vaxt axşam növbəsində oxuyurdum, səhərlər isə işləyirdim. İlk iş yerim tibbi jurnal olub. Orada kuryer kimi çalışmışam. Ayaz Mütəllibovun atası Niyaz müəllim jurnala rəhbərlik edirdi. Daha sonra indiki “Azərbaycan” Nəşriyyatında “Linotip” və “Metronpaş” kimi fəaliyyət göstərmişəm. 1993-cü ilin əvvəllərində isə Azərbaycan Dövlət Televiziyasına (AzTV) işə düzəldim. Orada səs operatoru işlədim. Yarım ildən sonra “Azadlıq” radiosunun müxbiri Zərxanımın öz reportajlarını montaj edərkən məndə bu sahəyə meyllilik olduğunu gördü və müstəqil reportajlara göndərməyə başladı. Beləliklə, ilk səsim “Azadlıq” radiosunda efirə getdi. Həmin vaxt Azərbaycan radiosunun rəhbəri olan Mövlud Süleymanlı səsimi eşitmişdi. Və Zərxanım mənim kimliyimi Mövlud müəllimə demişdi. O da bir müddətdən sonra məni yanına çağırdı və bildirdi ki, radionun “Hərbi vətənpərvəlik” redaksiyasında redaktor yeri boşalıb, istəyirsən səni götürək orda işlə. Beləcə məni hərbi redaksiyanın radio bölməsinə göndərdilər. Uzun müddət hərbidə işlədim. Cəbhə bölgələrini gəzdim. Mənim üçün mətbuat elə mazutun içində “Metronpaş” işlədiyim sexdən başladı. Sonralar radioda Mövlud Süleymanlı, Eldar Baxış, Saday Budaqlı, İntiqam Mehdizadə, Qulu Ağsəs, Əhməd Oğuz, Tahir Talıblı və digər peşəkarlarla işlədim və böyük bir məktəb keçdim. Həmin şəxslər özümün xoşuma gələn yazılarıma baxarkən kağızı cırıb atırdılar. Mənim bəyənmədiyim yazı isə onların xoşuna gəlirdi. Beləliklə orada böyük bir məktəb keçdim və mətbuata sevgini məndə onlar yaratdı. Bunlar hamısı mənim qazancımdır.
Deməzdim ki, bu sahədə nələrisə itirmişəm. O dövrdən indiyədək hansısa vəzifəyə getməklə bağlı çox şanslarım olub. Amma mən heç bir təklifi qəbul etməmişəm. Sadəcə olaraq jurnalistika ilə məşğul olmaq istəmişəm. Jurnalistika mənə daha çox doğmadır. Burada özümü daha azad və müstəqil hiss edirəm. İtirdiyim sadəcə vaxt oldu. Təxminən 6-7 il Əli Həsənov və Vüqar Səfərli dövrünün qurbanına çevrildim. Mediadan uzaq düşərək vaxt itirdim.
– Uzun müddət mediadan uzaqlaşmışdınız. Buna səbəb nə idi, yaxud günahkarlar kimlər idi?
– Əslində mediadan uzaqlaşmağımın kökü 2000-ci illərə gedib çıxır. Həmin dövrdə Qarabağ qazilərinin çox böyük bir etiraz hadisələri cərəyan edirdi. O vaxt mən “Space” televiziyasında işləyirdim və bu hadisələri çox ciddi işıqlandırırdım. Həmin vaxt bizə mane olan yox idi, çəkib efirə verirdik. Hadisələr dövründə mən Əli Həsənovu “Space”ə dəvət etmişdim. Efirə gəldi və müzakirələrdən sonra mənə, üzümə “sən bu işdə çox aktiv oldun, amma səhv etdin. Bu səhvin acısını çəkəcəksən”, – dedi. Eyni zamanda başqa bir səbəblər də var idi. Ramiz Mehdiyevlə o vaxt müəyyən problemlər yaşanmışdı.
Beləcə 2006-cı ildə mən “Space”dəki işimdən ayrılandan sonra artıq Əli Həsənov və Vüqar Səfərlinin qılıncının kəsən vaxtları idi. Sadəcə olaraq iş tapa bilmədim. Daha dəqiq desək, işə qəbul etmədilər. Fərqli redaksiyalara getsəm də, işə götürmədilər. Hərçənd həmin redaksiyaların rəhbərlərinin çoxuna dəstək olmuşdum. Təəssüf ki, işsizlik dövrümdə mənə dəstək duran olmadı. Beləcə 6-7 il mediadan uzaq düşdüm. Bu illər ərzində kiçik bir klinikada mətbuat işlərini həyata keçirirdim. Əli Həsənov və komandası vəzifədən kənarlaşdırıldıqdan sonra Medianın İnkişafı Agentliyi yaradıldı. Onlarla görüşlərimiz oldu, “Visiontv.az” saytını bərpa etdik. Hazırda da fəaliyyətimizi bu istiqamətdə davam etdiririk.
– Bu gün media islahatları həyata keçirilir, Mətbuat Şurasının rəhbərliyi dəyişib, Medianın İnkişafı Agentliyi fəaliyyətdədir. Bütün bunları nəzərə alsaq, bu sahənin gələcəyinə ümidiniz necədir?
– Mən bütün məsuliyyəti Medianın İnkişafı Agentliyinin və Mətbuat Şurasının üzərinə yıxmaqdan uzağam. Necə olacağı biz jurnalistlərdən asılıdır. Biz öz istək və təkliflərimizi, tələblərimizi səsləndirməsək, həmin qurumların görəcəyi iş öz fikirləşdikləri qədər olacaq. Yenilikləri biz jurnalistlər və redaksiyalar irəli sürməliyik. Medianın gələcəyi jurnalistlərin aktivliyindən, saflığından, sözə və fikrə verdiyi dəyərdən, dövlət və millət üçün gördüyü işlərdən, peşəkarlıqdan asılıdır. Peşəkarlıq təkcə yaxşı yazı yazıb, sujet hazırlamaq demək deyil. Peşəkarlıq həm də hadisələri görmək, mətbuatın bugünki vəziyyətini dərk etmək, təkliflər səsləndirmək, görülən işlərə istiqamət vermək deməkdir. Medianın İnkişafı Agentliyi kifayət qədər işlər görüb. Bu işlərin həyata keçirilməsində jurnalistlərin rolu və aktivliyi nə qədər olub?! Bu haqda düşünmək lazımdır. Dövlət həmişə qadağalara daha çox meyilli olmağa çalışır. Jurnalistin məqsədi isə daha çox azadlıq almaqdır.
Bu baxımdan Media Qanunu qəbul olunanda aktiv iştirakımız bəzi məsələlərin qarşısını aldı. Reyestr yaradılır və bu haqda bəzi təkliflərimiz olub. Biz bunun müsbət tərəfini görəcəyik. Vergi, ipoteka və reklam bazarı ilə bağlı təkliflərimizi etmişik. Hazırda bu istiqamətdə tələb və təkliflərimiz davam edir və Medianın İnkişafı Agentliyi bunun üzərində çalışır. MEDİA çalışır, biz isə ona dəstək olmalı, tələb və təkliflərimizi verməliyik. Mətbuat Şurası isə jurnalistlərlə dövlət arasında çox ciddi əlaqə yaratmalı və aktivlik göstərməlidir. Bütün bunların hamısı bizim mətbuatımızın inkişafına təkan verən amillərdir. Söz və mətbuat azadlığını ön planda saxlamaqla bütün problemləri səsləndirməli və təkliflərimizi irəli sürməliyik. Jurnalistin əl-qolunu bağlamaq olmaz. Əks halda reket dedikləri şəxslər ortaya çıxır, trollar dəstəsi yaranır. Peşəkar kadrların əl-qolu açıq olmalıdır ki, sosial mediada fəaliyyət göstərən kütləni öz nəzarətinə ala bilsin. İnsanlar peşəkarın sözünü dinləsinlər, onlara inansınlar. İnanmaq üçün isə simalar təmiz, fikirlər isə azad sözdən ibarət olmalıdır. Yoxsa şablon fikirləri cəmiyyətə həzm etdirmək mümkün deyil.
– Medianı təsadüfi insanlardan təmizləmək və əsl peşəkar kadrları qoruyub-saxlamaq üçün hansı işlər görmək lazımdır?
– Təsadüfi adamlar hər zaman olub və olacaq. İnzibati resurslarla kimisə mediadan uzaqlaşdırmaq və ya geri qaytarmaq mümkün deyil. Çox jurnalistlər bu sahədən maddi çətinliklərə, sosial problemlərə görə uzaqlaşıblar. Elə jurnalistlər olub ki, söz azadlığının durumu ilə razılaşmadıqlarından bu sahədən gediblər. Bu gün boş qalan həmin yerləri təsadüfi insanların doldurması təbiidir. Amma inzibati qayda ilə onları mediadan təmizləmək mümkün deyil. Burada təbii seçim olmalıdır. Təbii seçim edən isə oxucu və tamaşaçıdır. Onlar peşəkarla təsadüfi adamları ayırd edəndə təbii seçim baş verəcək. Təəssüf ki, hələlik cəmiyyətdə ucuz şou həvəskarları çoxdur. Bu da intellekt, təhsil, dünyagörüşlə bağlıdır. Bənzətmə ilə yanaşsaq, uşaq ağlayarkən azacıq “meymunluq” edən kimi gülməyə başlayır. Bu gün bizim oxucu və tamaşaçı da o vəziyyətdədir. Hansısa aparıcı və ya jurnalist “meymun” kimi qulaqlarını oynadanda tamaşaçı onun üstünə cumur. Yəni intellektli baxışlara və sözlərə meyl azdır. Bunu isə həmin təsadüfi adamlar yaradıblar. Onlar maddiyatı ön plana çıxararaq özlərini kloun vəziyyətinə qoyublar.
Bir dövr vardı ki, medianı idarə edənlərə jurnalistdən daha çox “meymun” lazım idi. Medianı həmin “meymun”lardan təmizləmək lazımdır. Hazırda Reyestr yaradılır və peşəkar jurnalistlər ora qəbul olunacaq. Amma burada demokratik ab-hava da qorunur. Belə ki, Reyestrə üzv olmayanlar da jurnalist hesab ediləcəklər. Təsadüfi insanlardan yaxa qurtarmaq üçün isə biz tamaşaçını, oxucunu intellektli simaya öyrəşdirməliyik. Məntiqli və obyektiv tənqidi jurnalistikanı bərpa etməliyik. Populyar janra çevrilən “söyüş mediası”nı, reketçiliyi təmizləməliyik. Media və bazar adamının fərqini cəmiyyətə açıq göstərməliyik. Biz öz işimizlə aidiyyatı qurumlara “meymun”dan daha çox peşəkara ehtiyac olduğunu sübuta yetirməliyik. Çünki dünyada baş verən ciddi hadisələri yalnız peşəkar jurnalistlər cəmiyyətə çatdıra bilər. Biz öz təklif və tələblərimizi səsləndirməliyik və bundan çəkinməməliyik. Mediaya qayıtdıqdan sonra mənə heç kim nə təzyiq edib, nə də ki, tezis almamışam. Nə Facebook, nə də ki, saytda belə bir hadisə ilə rastlaşmamışam. Ancaq “Space”də işlədiyim dövrlərdə bu cür təzyiq və tələblər olub. Amma indi bu cür hallarla rastlaşmamışam. Eyni zamanda mənim indi qorxub-çəkinəcək vaxtım deyil. O intellektdə və təcrübədə deyiləm.
– Uzun illərdir ki, mətbuatdasınız, bəlli bir yaşa çatmısız. Bu sahədən hələ yorulmamısız?
– Xeyr yorulmamışam. Bəlkə də 6-7 illik fasilə məni yenidən gumrah edib. Əksinə indi daha da mübariz olmuşam. Əvvəllər işlədiyim media qurumunun təəssübünü çəkirdimsə, indi Azərbaycan mətbuatının təəssübünü çəkməyə çalışıram və bunun üçün mübarizə aparıram. Artıq miqyas böyüyüb. Mətbuat Şurasının rəhbərliyinin dəyişməsi, Medianın İnkişafı Agentliyinin yaradılması mənə əlavə enerji verib. Sözümüzü deməliyik və mübarizəmizi aparmalıyıq. “Alınmayacaq”, “Düzələn deyil” fikirlərini səsləndirmək mübarizə üsulu deyil. Bu, məsuliyyətdən yaxa qurtarmaq və qaçmaq deməkdir.
– Bu illər ərzində hansı maraqlı və unudulmaz xatirələriniz yadda qalıb?
– İşlədiyim dövrlərdə qorxulu və maraqlı hadisələr çox olub. Qorxulu hadisəni Füzulidə çəkiliş apararkən yaşamışam. 1993-1994-cü illərdə dostumuz Üzeyir Cəfərov “N” saylı hərbi hissələrdən birində şəxsi heyətlə iş üzrə müavin idi. Biz onun hərbi hissəsinə çəkilişə getmişdik. O da bizi erməni ilə qarşı-qarşıya olan mövqeyə aparmışdı. Qayıdanda başqa istiqamətlə gəlməyi qərarlaşdırdıq. Yolda bizimlə gedən zabitlərdən biri ərazinin minalı olduğunu dedi. Hava qaraldığından geri qayıda bilmədik, ratsiya isə texniki səbəblərdən işləmədi. Belə olan halda həmin zabit və Üzeyir bəy piyada addım-addım gedərək mina olmayan ərazini müəyyənləşdirib cığır açdı. Biz də təxminən 5-6 kilometrlik yolu iki saata qət etdik. Beləcə minaya düşmək təhlükəsindən xilas olduq.
Maraqlı hadisələrdən biri isə ümummilli lider Heydər Əliyevlə bağlıdır. Mən o vaxt “Space”də çalışırdım. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İranda keçirilən tədbirinə qatılmışdım. Təxminən 10 ölkədən prezidentlər iştirak edirdi, 200-ə yaxın isə jurnalist vardı. Mətbuat konfransından sonra prezident iqamətgahının qarşısında gözləyirdik. O vaxt Prezidentin fotoqrafı da bizimlə bərabər idi. Heydər Əliyev anidən çönərək həmin fotoqrafa tədbirə 5 dəqiqə gecikdiyini söylədi. Biz hamımız təəccübləndik. Təsəvvür edin ki, 200 jurnalistin arasında Heydər Əliyev fotoqrafın gecikdiyini görmüşdü. Bu hadisə Heydər Əliyevin o dərəcə diqqətli və uzaqgörən şəxsiyyət olduğunu bir daha sübuta yetirdi. Belə bir maraqlı hadisə isə heç zaman xatirimdən çıxmır. Son olaraq istərdim ki, Azərbaycan mediası inkişaf etsin, jurnalistlərimiz hörmətli və imkanlı olsun. Həm də jurnalistin yaxşı yaşamasını və gəlir mənbəyinin təmiz olmasını arzulayıram.
Müşviq Tofiqoğlu,
KONKRET.az