“Əli Həsənovun vəzifədən kənarlaşdırılması siyasi iradənin tərkib hissəsi olacaq …”backend

"Əli Həsənovun vəzifədən kənarlaşdırılması siyasi iradənin tərkib hissəsi olacaq ..."

“Media dördüncü hakimiyyətdir”. Çünki medianın ictimai fikrə təsir imkanları olduqca güclüdür və cəmiyyət istənilən informasiyanı ən çox mətbuat vasitəsi ilə əldə edir.

Bu gün isə Azərbaycanda media siyasətini həyata keçirən rəsmi şəxslərin səriştəsizliyi və öz mənafelərini daha üstün tutmaları səbəbindən, mətbuat “dördüncü hakimiyyət” statusunu demək olar ki, itirir.

Media maqnatlarının Kütləvi İnformasiya Vasitələrini (KİV) öz şəxsi maraqları üçün istifadə etmələri, daxili mübarizədə mətbuatın alətə çevirilməsi, yalnız bir qrup “jurnalistin” sosial təminatını yaxşılaşdırmaq bahasına KİV nümayəndələrinin ələ alınması, eləcə də digər nüanslar, Azərbaycanda “dördüncü hakimiyyət”in nüfuzuna çox ciddi zərbə vurub.

Medianı bu vəziyyətdən necə çıxarmalı sualını demək olar ki, əsl Həsən Bəy Zərdabi davamçıları olan peşəkar jurnalistlər və media kapitanları özlərinə hər gün verirlər.

Zeynal Məmmədli: “Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun medianın bu vəziyyətə düşməsində rolu çox böyükdür”

Tanınmış jurnalist və media eksperti, pedaqoq Zeynal Məmmədli KONKRET.az-a bildirib ki, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun medianın bu vəziyyətə düşməsində rolu çox böyükdür. Lakin mətbuatın mövcud vəziyyətini bir şəxsin adına bağlamaq da doğru deyil: ”Bu gün media öz-özünü idarə edə bilmirsə, jurnalistikanın danılmaz prinsipləri hazırkı mətbuat üçün önəm kəsb etmirsə, KİV-in özü təbliğat vasitəsinə çevrilib, hakimiyyətdən ev alırsa, o zaman günahkarların sayı çoxdur”.

Zeynal Məmmədlinin sözlərinə görə, bu gün Azərbaycanda çap mediası demək olar ki, yox səviyyəsindədir: “Doğrunun yerinə, ancaq sensasiya axtarılırsa, demək medianın sarılaşması prosesi gedir. Bunda tək bir şəxs yox, KİV-ə cavabdehlik daşıyan digər insanlar  də günahkardırlar”.

Zeynal Məmmədli əlavə edib ki, islahat şəxslərin dəyişməsi demək deyil: “Bu gün Əli Həsənovun vəzifədən getməsi ilə yanaşı ümumi sistem dəyişməlidir ki, medianın problemləri həllini tapsın. Hansı addımların, kim tərəfindən atılması çox vacib məsələdir. Demokratik cəmiyyətlərdə bu cür islahat proqramları bölüşdürülür və hər kəs onun içərisində olur. Əgər Azərbaycan mediası reklam bazarından maaliyyələşə bilməyəcəksə, o zaman müstəqil mətbuatdan danışmaq sadəcə demaqogiyadan başqa bir şey deyil”.

Zərdüşt Əlizadə: “Medianın bu vəziyyətə gəlib çıxmasında Əli Həsənovdan daha çox dövlət məsuliyyət daşıyır”

Politoloq və jurnalist Zərdüşt Əlizadə isə mövzu ilə bağlı konkret fikirlər səsləndirməklə kifayətlənib. O, saytımıza müsahibəsində deyib ki, medianın bu vəziyyətə gəlib çıxmasında Əli Həsənovdan daha çox dövlət məsuliyyət daşıyır: “Əli Həsənov məmurdur.  Bu gün Əli Həsənovun yerinə başqası da gəlsə, problem öz həllini tapmayacaq. Çünki dövlətin siyasəti ifadə azadlığını təmin edə bilmir”.

Rəsul Cəfərov: “Medianın bugünkü vəziyyətini aradan qaldırmaq üçün Əli Həsənov kadr dəyişikliyinin tərkib hissəsi kimi vəzifədən kənarlaşdırıla bilər” 

Tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov da mövzu ətrafında KONKRET.az-ın suallarını cavablandırıb. O, bildirib ki, Azərbaycanda medianın çox ciddi problemləri mövcuddur: “Bu problemlər reklam bazarından tutmuş, KİV-lərin ciddi nəzarət altına alınmasına qədər bir çox istiqamətləri əhatə edir. Teleradio Şurası bu gün çox bərbad fəaliyyət göstərir və qanundan kənar prinsiplərlə çalışır. O cümlədən fərqli mövqeyə malik olan jurnalistlərin həbsi və onlara yönəlik digər basqılar, onlayn resurların bloklanması medianın ciddi problemlərindən xəbər verir. Bütün bu problemlərin ictimai-siyasi məsələlərə aid olduğunu nəzərə alsaq, o zaman hakimiyyətin bu işləri kurasiya edən vəzifəli şəxslərinin, həmçinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ciddi məsuliyyət daşıdığını deyə bilərik. Bu vəziyyəti aradan qaldırmaq üçün Əli Həsənov kadr dəyişikliyinin tərkib hissəsi kimi vəzifədən kənarlaşdırıla bilər. Bu, çox zəruridir. Amma təkcə kadr dəyişikliyi medianın problemlərini həll etmir. Bunun üçün siyasi iradəyə də ehtiyac var. Əli Həsənovun vəzifədən kənarlaşdırılması siyasi iradənin bir hissəsi olacaq. Amma siyasi iradənin tam başa çatması üçün digər yuxarıda sadaladığımız addımlar da atılmalıdır. Yəni ölkədə cinayət törətməyən jurnalistlər həbs olunmamalı, elektron resurslar bloklanmamalıdır. Reklam bazarının genişləndirilməsi üçün sahibkarlara şərait yaradılmalıdır. Bir daha demək istəyirəm ki, ictimai-siyasi sferanı kurasiya edən şəxs kimi Əli Həsənovun medianın bu günki problemlərində birbaşa rolu mövcuddur. Bu məsələnin həll edilməsinin yolu isə Əli Həsənovun vəzifəsindən kənarlaşdırılmasıdır.  Lakin bununla yanaşı davamlı olaraq digər müvafiq addımlar da atılmalıdır ki , biz medianın vəziyyətinin yaxşılığa doğru dəyişdiyini rahatlıqla söyləyə bilək”.

Müşfiq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*