Əli Kərimlidən sonra bu şəxslər də həbs oluna bilər – Mehdiyev olayında YENİ GƏLİŞMƏbackend

Əli Kərimlidən sonra bu şəxslər də həbs oluna bilər - Mehdiyev olayında YENİ GƏLİŞMƏ

Son günlər Əli Kərimlinin həbsi və ona qarşı irəli sürülən ittihamlar ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Prosesin miqyası, bundan sonra daha kimlərin həbslərinin mümkün olacağı ilə bağlı cəmiyyətdə suallar çoxdur. Məsələ siyasi dairələrdə də geniş rezonans yaradıb.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Əli Kərimlinin həbsi ilə bağlı yaranan situasiyanı KONKRET.az-a şərh edib.

Onun sözlərinə görə, bu məsələnin ətrafında süni ajiotaj yaradılması düzgün yanaşma deyil.

“Hazırda yalnız iki nəfər barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Dövlət çevrilişi ittihamı varsa, bu cür işlərdə adətən aylarla, illərlə istintaq gedir və qətimkan tədbiri də uzunmüddətli olur”.

Partiya sədrinin sözlərinə görə, hazırkı qətimkan tədbirinin qısa müddətə müəyyən edilməsi, eləcə də cəmi 3 nəfər barəsində cinayət işinin açılması prosesin həcminin geniş olmadığını göstərir.

“Mətbuatda çoxsaylı adlar çəkilir, xüsusilə hakimiyyətdə olub sonradan vəzifədən gedən şəxslərin adı hallanır. Amma dünya təcrübəsi göstərir ki, dövlət çevrilişlərinə adətən hakimiyyət daxilindən iştirak edən qüvvələr olur. İndiki halda hakimiyyətdə olan heç kəsin adı hallanmır. Nazirliklərdən belə bir iştirak formasının görünməməsi bu versiyanı inandırıcı etmir”, – Cəlaloğlu qeyd edib.

O, əlavə edib ki, Dövlət Təhlükəsizliyi Xidməti istintaq apardığı üçün ictimaiyyətə açıqlanmayan başqa dəlillər də ola bilər. Kimin daha sonra həbs olunacağı isə istintaq sirri kimi qalır.

Sərdar Cəlaloğlu qeyd edib ki, məsuliyyətin əsas mərkəzi kimi Ramiz Mehdiyevin adı çəkilir:

“Əsas fiqur Ramiz Mehdiyevdir. O, ifadə verib. Onun ifadəsində kimlərin adlarının keçdiyi barədə məlumatları yalnız mətbuatdan görürük”, – deyə o, əlavə edib.

ADP sədri bildirib ki, irəli sürülən ittiham ciddi xarakter daşıyır və prosesin nəticələri həm cəmiyyət, həm də hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edir:

“Biz qalib ölkəyik, müharibədən çıxmışıq. Belə bir şəraitdə dövlət çevrilişinə cəhd nə dərəcədə realdır? Bütün hallarda istintaqın nəticələrini gözləmək lazımdır. Əgər doğrudan da çevrilişə cəhd varsa, ən sərt şəkildə cəzalandırılmalıdır”, – deyə Cəlaloğlu vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*