Əli Zülfüqaroğlu: “Azərbaycanın təbliğatı dövlətçiliyimizin inkişafı üçün töhfədir”backend

Əli Zülfüqaroğlu: “Azərbaycanın təbliğatı dövlətçiliyimizin inkişafı üçün töhfədir”

Soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə təşkilatlanması, onların gördükləri işlər bu gün mühüm əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif ölkələrində məskunlaşan azərbaycanlıların bir araya gəlməsi, xaricdə Azərbaycanın təbliğatıyla məşğul olmaları dövlətçiliyimizin inkişafı üçün töhfə hesab olunur. Ümumiyyətlə, bu amil Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir.

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran siyasi şərhçi Əli Zülfüqaroğlu bildirdi  ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur.

-Hazırda xaricdə diaspor quruculuğu hansı səviyyədədir?

 – Azərbaycan diasporu deyəndə əsasən müstəqilliyin bərpasından sonra xaricə köçmüş azərbaycanlıların formalaşdırdığı təşkilatlar başa düşülür. Doğrudur, cümhuriyyət dönəmində də xaricə köçmüş və mühacir həyatı yaşayan azərbaycanlılar müəyyən təşkilatlar qurub və fəaliyyət göstəriblər. Bəzi tədqiqatçılar hesab edirlər ki, Azərbaycan diapsorunun tarixi o dönəmlərdən başlayır. Amma Azərbaycan diasporu əsasən müstəqillik illərindən sonra formalaşıb. Əlbəttə, bu illər ərzində müəyyən inkişaf var, xeyli işlər görülüb, amma bu yetərli deyil. Əvvəlki dönəmlərdə Azərbaycan diasporunun inteqrasiya problemi var idi.. Əlbəttə, inteqrasiya problemi ciddi məsələdir və bir sıra problemlərə yol açır. Bu məsələ birinci nəsil azərbaycanlılar arasında özünü daha çox biruzə verir. Amma indi, xüsusilə Avropa və ABŞ-də ikinci nəsil azərbaycanlıların sayı  çoxalıb. Onlar orada doğulub, təhsil alıb və dost-tanışları əsasən yerli xalqların nümayəndələridir. Belə olan halda  assimilyasiya problemi önə çıxır. Bizi əvvəllər inteqrasiya problemi narahat edirdisə, indi daha çox assimilyasiyanın qayğısına qalırıq. Bu, daha ciddi məsələdir. Əgər ikinci nəsil azərbaycanlılar öz dillərini, milli adət-ənənələrini, mədəniyyətlərini bilməsələr və eyni zamanda sevməsələr, o zaman onları Azərbaycan diasporuna qazandıra bilməyəcəyik. Belə olan halda Azərbaycan disaporu sonrakı dönəmlərdə  ciddi problemlərlə üz-üzə qalacaq.

-Bəs çıxış yolunu nədə görürsünüz?

-Bu problemi yaşamamaq üçün yəhudi lobbisi və Türkiyə  diapsorunun təcrübəsindən yararlanmaq yetərlidir. Onlar xaricdə doğulan və böyüyən gəncləri assimilyasiyadan qoruyurlar.  Öz dillərini bilir, mədəniyyətlərini, ənənələrini sevirlər. Eyni zamanda nəslin itməməsi üçün yeni qurulan ailələrin etnik tərkibi diqqət mərkəzində olur. Xaricdə yaşayan azərbaycanlılar arasında da bu faktor önəm daşımalıdır. Yeri gəlmişkən, erməni lobbisi də bu cür yanaşmalardan istifadə edir.

– Azərbaycan diasporu ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda hansı işləri görür?

– Bu sahədə ciddi problemlər mövcuddur. İlk növbədə xarici media ilə əlaqələr çox zəifdir, əksər ölkələrdə demək olar ki, yox səviyyəsindədir. Eyni zamanda intellektual sahələrdə təmsilçilik 1% çatmır. Yəni baramaqla sayılacaq kadrlarımız var ki, onların potensialından lazımi səviyyədə yararlana bilmirik. Rusiyada daha geniş kadr poetnasialımız olsa da, orada ciddi təşkilatlabnma problemiylə üz-üzəyik.

– Dünyada güclü dayaqları olan erməni diasporuna qarşı hansı əks arqumentlərdən istifadə edilir?

– Bəlidir ki, erməni lobbisi güclüdür. Birləşmiş Ştatlarda baş tutan seçki ərəfəsində biz onların fəallığını bir daha hiss etdik. Avropada və dünyanın digər ölkələrində eyni vəziyyətdir.  Bunun köklü səbəbləri var. Onlar yüz illərdir xaricdə yaşamağa başlayıblar. Buna baxmayaraq Azərbaycan diasporu da öz potensialından tam istifadə etmir. Könüllülük prinsipi az müşahidə olunur. Daha çox Azərbaycana yönəlik şəxsi təbliğatlar önə çıxır və müəyyən yanlış yanaşmalar bu problemi daha da dərinləşdirir. Ona görə də kompleks və yeni yanaşmalara ehtiyac var.

-Azərbaycan tarixinin xarici ölkələrdə təbliğatı sizi qane edirmi?

-Dövlət başçısı Dünya Azərbaycanlılarının Şuşada baş tutan Zəfər Qurultayında bildirdi ki, azərbaycanlılar yaşadıqları ölkələrdə Azərbaycan reallıqları, postmünaqişə dövrü ilə yanaşı Azərbaycan tarixi- Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri, XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi və.s kimi tarixi faktlarla bağlı məlumatlar yaymalı, beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır. Dövlət başçısının bu fikirləri əslində Azərbaycan diapsoru üçün yol xəritəsi idi. Amma qurultaydan sonra atılan addımlar qənaətbəxş olmadı, ənənəvi sönüklük  davam etdi. Halbuki Tovuz hadisələrindən sonra Azərbaycan diasporu mütəşəkkil formada müsbət nümunə ortaya qoya bilmişdi.Azərbaycan tarixi qələbədən sonra yeni dövrə qədəm qoydu. Yeni dönəm Azərbaycan diapsorunu da əhatə edir.  Düşünürəm ki, Azərbaycan diasporu da yeni dönəmin təlblərinə uyğun  adekvat fəaliyyət göstərməlidir. Çünki informasiya və diplomatik müstəvidə mübarizə davam edir və qələbə bizi arxayınlaşdırmamalıdır. Azərbaycan diasporu effektiv fəaliyyət göstərməlidir.

-Müsahibə üçün sağ olun

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*