Uzun müddətdir ki, Ermənistanın fərqli ölkələr tərəfindən müasir texnikalarla silahlandırıldığının, eyni zamanda hərbçilərinin bu silahlardan istifadə edə bilməsi üçün təlimlər keçdiyinin şahidi oluruq. Bununla yanaşı Azərbaycan da öz hərbi ehtiyatlarını artırmaqdadır. “JF-17 Thunder” təyyarələrinin alınması buna nümunədir.
KONKRET.az xəbər verir ki, bunların fonunda Ermənistan ordusu yenidən Naxçıvanı atəşə tutub.
Azərbaycana qarşı eskalasiya gözlənir?
Prezident İlham Əliyev Milli Məclisdəki son çıxışı zamanı regionun hansı vəziyyətdə olduğunu və Azərbaycanı gözləyən təhlükələri ilk dəfə konkret şəkildə ifadə etdi:
“Azərbaycanın qarşısındakı bir nömrəli vəzifə hərbi gücün artırılmasıdır. Buna həm təhlükələrin olması, həm də müharibə anonsu kimi baxa bilərik. Azərbaycana qarşı ciddi təhdidlər var. Onların aradan qaldırılması, mübarizə qabiliyyətini artırmaq üçün hərbi güc, silahlanma və təhlükəsizlik məsələləri ön plana çıxarılıb. Yaxın gələcəkdə ölkəmizə qarşı müharibə təhlükəsinin olduğu görünür. Azərbaycan da özünü buna hazırlayır”.
Hərbi ekspertin fikrincə, İlham Əliyevin çıxışı həm də xalqa müraciət idi
“Azərbaycanın hansı proseslərin içərisində olduğunu, vəziyyətin haraya getdiyini və s. açıq şəkildə bildirdi. Ermənistanın “SEZAR” haubitsaları almasına cavab olaraq Azərbaycan da Çexiyadan “DİTA” haubitsalar aldı. Ümumiyyətlə, Azərbaycan ordusunun iki zəif yeri var idi. Aviapark və hərbi dəniz donanması köhnəlmiş vəziyyətdə idi. Azərbaycanın hərbi dəniz donanmasına hazırda ehtiyac yoxdur. Çünki dəniz üzərindən hər hansı təhlükə görülmür. Aviasiya parkı isə mütləq yenilənməli idi”.
Səxavət Məmməd sentyabrın 25-də Prezident İlham Əliyevə təqdim olunan JF-17C (Block-III) təyyarələrinə də münasibət bildirib:
“JF-17-lər dördüncü nəsil hesab edilir. Bu qırıcılar manevr qabiliyyətinə, hava-yer tipli raketlər daşımasına, sürətinə və bir çox xüsusiyyətlərinə görə nəslinin ən yaxşı verisyası hesab olunur. Azərbaycanın bu texnikaları əldə etməsi ordunun əlini də xeyli gücləndirdi. Çünki müharibələrdə hava üstünlüyü son dərəcə mühümdür. Azərbaycana qarşı faktiki olaraq eskalasiya başlayır. Belə ki, yeni Ermənistan ordusu formalaşdırılır: mühəndis istehkam işləri ilə təkminləşdirilir, hücum silahları verilir və s.”./Globalinfo.az