Azərbaycanda bir neçə sayta, o cümlədən “Report” İnformasiya Agentliyinə kiberhücum olub. Hazırda saytlara girişdə problem yaranıb. Report İnformasiya Agentliyinə daxil olduqda xüsusi səhifə açılır. Burada Qurandan ayə yerləşdirilib. Bəs görəsən, bu kiberhücümun həyata keçirilməsində məqsəd nədir? Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi fonunda belə bir hücumun həyata keçirilməsi nəyə hesablanıb?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Faiq Ələkbərli bildirdi ki, “SEPAH” hakerlərinin ölkəmizə qarşı təxribatı ilk dəfə deyil həyata keçirilir:
“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bizə müxtəlif yollar və vasitələrlə problem yaradıblar. Özlərinin radio və televiziya dalğalarını Azərbaycanda yaymağa çalışıblar. Zaman-zaman bu məsələ ön plana çıxıb. Ancaq Azərbaycan Respublikasının Prezidenti İran İslam Respublikasının nümayəndəsini qəbul edən zaman bu hadisənin baş verməsi ilə diqqəti cəlb etmək istəyirlər. Onlar bununla demək istəyirlər ki, biz yeri gəldikcə istədiyimiz addımları ata bilərik. Bu, bir növ mənəvi-psixoloji təzyiqdir. Onların bu təxribatı Azərbaycan vətəndaşlarına qarşı yönəlib. Eyni zamanda Güneydəki soydaşlarımıza qarşı yönələn siyasi təzyiqdir. “SEPAH”ın Azərbaycanın varlığını həzm edə bilməməsi uzun illərdir davam edir. Yəni, birmənalı olaraq Azərbaycanın varlığını qəbul etmək istəmirlər. Ona görə də, müxtəlif yollarla bunu büruzə verirlər. İndi bizim onlayın media subyektlərimizə qarşı törədilən təxribatlarla özlərinin mahiyyətini ortaya qoyurlar. Təbii ki, “SEPAH”ın və onun tərkibində fəaliyyət göstərənlərin İslam dininə heç bir aidiyyatı yoxdur. Ona görə də, onlar bizim saytlara hücum edib ora Qurandan ayələr yerləşdirməkdən daha çox, özləri Qurani Kərimin mahiyyətindən gələn məsələlərə əməl etsələr yaxşı olar. Digər tərəfdən qonşu ölkədə yaşayan Azərbaycan türklərinin, bəlucların, kürdlərin, ərəblərin hüquqları “SEPAH” tərəfindən pozulubb. İndi heç olmasa onların milli-mənəvi haqlarını tanımalıdırlar. Amma təəssüf ki, bizim saytlara yerləşdirdikləri Quran ayələrinə özləri əmək etmirlər”.
Vəli Həsənoğlu,
KONKRET.az