Almaniyada mühacirətdə yaşayan tanınmış bloqer və insan hüquqları müdafiəçisi Emin Milli Azərbaycana qayıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə E.Milli məlumat verib.
“12 il sonra Vətənə döndüm. Bu hissləri təsvir etmək çox çətindir. 2025-ci ildə bütün arzularımızın gerçəkləşməsini arzulayıram”.
E.Milli daha sonra Şuşadan paylaşım edib : “2025-ci ilin ilk gününü Şuşada qeyd etmək məni çox sevindirir. Ümid edirəm ki, bu il bütün dünyada sülh ili olacaq”.
E.Milli 2001–2002-ci illərdə Almaniyada oxuyub və Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1999–2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002–2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib. 2002–2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub. 2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib. “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi, “ANTV” (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biri olub.
2009-cu il iyul ayının 8-də “Ol” Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbail rayonu ərazisində yerləşən “Lebanes” restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Cinayətdə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2010-cu il noyabrın 19-də Salyan Rayon Məhkəməsində həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə azadlığa buraxılması ilə bağlı qərar qəbul edib və məhkəmə zalından azadlığa buraxılıb.
2012-ci ilin yanvar ayının 27-də 15 sutkaya həbs olunub. Daha sonra ölkəni tərk edərək mühacirətə gedib./Azpost.info