“Ən böyük arzum çoxlu laykdır” – 7-ci sinfi bitirə bilməyən əmi və xalaların CANLI YAYIMIbackend

“Ən böyük arzum çoxlu laykdır” - 7-ci sinfi bitirə bilməyən əmi və xalaların CANLI YAYIMI

Həyat tərzinə çevirilən sosial şəbəkələr həm də müasir dövrün sosial bəlasıdır. Ayrı-ayrı platformalarda müxtəlif adlar altında məişətimizə daxil olan sosial şəbəkələrin istifadəçisi olmaq və ondan yararlanmaqda qəbahət yoxdur. Milyonlarla insanın üz tutduğu ümumi məkanda insanlar arzuladığı xəyalları gerçəkləşdirir, bir-neçə saniyədə min kilometrlərlə uzaqda olan insanlarla ünsiyyət qurur, dünyada baş verən hadisələrdən dərhal xəbər tutur. Burada isə qəbahət sayılacaq heç nə yoxdur.

Amma məsələnin kökündə dayanan başqa məsələdir. Sosial platformaları insanların yaşam tərzinə də ciddi təsir etdiyini nəzərə alsaq, istifadəçilərin bu sahənin aludəçisinə çevrildiyini açıq-aydın görmək mümkündür.

Problemlər də elə buradan qaynaqlanır. Bəlkə də az adam tapılar ki, “Facebook”,”İnstaqram”, “Votsap”, “Tik-Tok” və digər adlar altında cəmiyyətimizə soxulan platformaların üzvü olmasın. Deməli, həmin şəbəklərin üzvüsənsə, həmin hadisələrin birbaşa iştirakçısısan.Ya nə isə paylaşırsan, ya da paylaşınlara reaksiya verirsən. Əslində, bütün dünyanın normal qəbul etdiyi bu cür məqamlar bəzən ifrata varanda, əndazəsini aşanda məsələ ciddiləşir.

Cəmiyyətin həssas yeri olan sosial şəbəkələrdə ailə-məişət problemlərinin qabardılması, şəxsi həyatın müzakirəyə çıxarılması zərərlidir. Eyni zamanda sosial şəbəkələr cinayətkarlar, fırıldaqçılar üçün münbit şəraitdir. Həmin platformaların boşanmaların artmasında da təsiri danılmazdır. Təəssüf ki, bu tendensiya hər gün yüksələn xətt üzrə gedir.

Bu, məsələnin bir tərəfidir. “Facebook”da paylaşılan yeni “ədəbiyyat” nümunələri, poeziya dünyası isə başqa bir aləmdir. Məhdudiyyət yoxdur. Seçim azaddır. Kimin nəyi var, təqdim edə bilər. Paylaşılan həmin “sənət əsərləri”nə yazılan şərhlər isə “şeir müəllifi”ni vəcdə gətirir.

“Sənətkar” alqışlardan, bu əhsən sədalarından, atılan layklardan ruhlanaraq yeni-yeni “yaradıcılıq axtarışına” başlayır. Yeni zövqlər, yeni sənət əsərləri, yeni oxucular, pafoslu şərhlər, həmin şərhlərdə başı-ayağı bilinməyən cümlələr, yaddan çıxan durğu işarələri səbəbindən fikrini düzgün ifadə edə bilməyən “Facebook” əhli… aləm dəyir bir-birinə. Di gəl, baş çıxart.

Yaşından-başından utanmadan qol götürüb oynayan ağsaqqal kişilər, ağbirçək qadınlar, məktəbdə 7-ci sinfi bitirə bilməyən əmilər, xalalar canlı yayım açıb millətə əxlaq dərsi keçəndə, başqa birisi çölün düzündə əlini qulağının dibinə qoyub “muğam sənəti”nin sirlərini tamaşaçılarla bölüşəndə yeni “istedadlara” heyran qalırsan.

“Facebook”u dünyaya təqdim edən adam bilsəydi ki, onun icad etdiyi platforma cəmiyyətlərdə bu cür iyrənciliklərə yol açacaq bəlkə də fikirindən daşınardı.

Sosial şəbəkələrin yaratdığı zərərli vərdişlər insanların yaşam tərzinə birbaşa təsir edir. Mətbəxdə hazırladığı yeməyi bəh-bəhlə çəkmək, xüsusi poz verib yediyi yeməyi camaatın gözünə soxmaq, uzandığı yerdə selfi etmək, qonaqlıqda araq içən zaman dediyi tostu nöqtə və vergülünə qədər paylaşmaq heç bir əxlaqa sığmır.

“İnstaqram”da isə vəziyyət tam başqadır. Bu platforma da “Facebook”un kiçik “qardaşıdır və ondan heç nəyi ilə geri qalmır. Əksinə, burda vəziyyət daha acınacaqlıdır. İki kəlməni düzgün ifadə edə bilməyən adamlar əlinə telefon alan kimi ağına-bozuna baxmadan nə gəldi çəkib yerləşdirir. Milli mənəvi dəyərlər gözlənilmədən, əxlaq normalarına riayət edilmədən “İnstaqram” “partlayır”.

Əslində partlayan bu millətin əxlaqı, məhv edilən dəyərlərdir. Amma gündəmdə qalmaq, layk yığmaq arzusu daha önəmlidir.

Sosial şəbəkələrin yaratığı problemlər bitib tükənən deyil. Həyat tərzinə çevrilən bu sahədən də qaydalar çərçivəsində istifadə edilməlidir.

Biz isə ən pisini seçirik.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*