2023-cü ilin birinci yarısında Rusiya dünyada “DDoS” hücumlarına məruz qalan ölkələr reytinqində yeddi pillə (3-cü yerdən 10-cu yerə) geriləyib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 2022-ci ilin birinci yarısında Rusiya “DDoS” hücumlarına görə dünyada 3-cü yeri tuturdusa (8,9%), 2023-cü ilin birinci yarısında artıq 10-cu yerdədir (ümumi hücumların 4,7%-i).
Məlumata görə, 2023-cü ilin birinci yarısında kiberhücumların sayına görə ilk üçlükdə ABŞ (ümumi hücumların 16,8%-i), Hindistan (13,6%) və Çindir (11,2%). Fransa dördüncü (8,7%), Böyük Britaniya isə beşinci yerdədir (8,2%).
“StormWall” şirkətinin mütəxəssisləri Rusiyanın reytinqinin aşağı düşməsini hakerlərin marağını itirməsi, həmçinin kiber insidentləri təşkil etmək üçün texniki imkanların və resursların olmaması ilə əlaqələndirirlər.
Dünyada ən çox hücuma məruz qalan sahə maliyyə (ümumi hücumların 23%-i), telekommunikasiya (19%) və əyləncə sektoru (15%) olub. Kiberhücumların sayında nəzərəçarpacaq artım dövlət təşkilatlarında (132%), nəqliyyat şirkətlərində (118%) və səhiyyədə (107%) qeydə alınıb.
İqbal Rzayev,
KONKRET.az