Ən çox yediyimiz bu qida yoxa çıxa bilər – Əvəzində isə…backend

Ən çox yediyimiz bu qida yoxa çıxa bilər - Əvəzində isə…

Son zamanlar qida sənayesində baş verən yeniliklər ənənəvi istehsal anlayışını ciddi şəkildə dəyişməyə başlayıb. Artıq ətin təkcə fermalarda deyil, laboratoriyalarda da “istehsal” oluna bilməsi reallığa çevrilir. Bu isə həm istehlakçılar, həm də mütəxəssislər arasında müəyyən narahatlıqlar doğurur.

Bəs bu alternativ nə dərəcədə etibarlıdır? Süni ətin geniş istehsalı və istifadəsi uzunmüddətli perspektivdə insan sağlamlığına və ənənəvi qida sisteminə necə təsir göstərə bilər?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, son dövrlərdə dünya əhalisinin artması, xüsusilə də aclıq probleminin həlli üçün müxtəlif yeni qida növlərinin istehsalı aktuallaşıb.

Onun sözlərinə görə, bitkilər üzərində aparılan genetik dəyişikliklər nəticəsində daha məhsuldar qida növləri əldə edildiyi kimi, süni ət də artıq gündəmin əsas mövzularından birinə çevrilib:

“Süni ət istehsalının artacağı gözlənilir. Lakin nəzərə almaq lazımdır ki, əgər bu məhsul təbii mənşəli, xüsusilə bitki mənşəli zülal mənbələrindən hazırlanırsa və rəngləndirici kimi yenə də təbii, orqanik bitki komponentlərindən istifadə olunursa, bu halda onu müəyyən mənada lifli və zülal tərkibli qida kimi qiymətləndirmək olar. Bununla belə, qəti şəkildə demək olar ki, süni ət ənənəvi ətin yerini tam olaraq tuta bilməz. Eyni zamanda qeyd etmək lazımdır ki, hazırda süni ətlə bağlı müxtəlif mübahisələr davam edir və onun istehsalı hələ də kifayət qədər bahalıdır. Laboratoriya şəraitində istehsalın genişləndirilməsi üçün bir çox ölkələrdə lazımi texnoloji baza və təchizat yetərli deyil. Bu səbəbdən də məhsulun bazara çıxarılması və satış qiyməti yüksək olaraq qalır. Ona görə də bu sahə ilə bağlı qəti nəticələr çıxarmaq üçün hələ tezdir. Bununla yanaşı, prosesin gələcəkdə qaçılmaz olacağı da istisna edilmir. Çünki iqlim dəyişikliyi və ətraf mühitə təsirin azaldılması baxımından süni ət alternativ üsullardan biri kimi təqdim olunur”.

Mütəxəssis vurğulayıb ki, xüsusilə müasir heyvandarlıqda heyvanların açıq otlaqlardan daha çox qapalı mühitlərdə saxlanılması istixana qazlarının emissiyasını artıran əsas amillərdən biri hesab olunur:

“Bu baxımdan bəzi yanaşmalara görə, süni ət istehsalı ətraf mühitə düşən yükü azalda, meşələrin qırılmasının qarşısını müəyyən qədər ala və iqlim dəyişikliyinə təsiri minimuma endirə bilər. Bundan əlavə, ənənəvi heyvandarlıqda bir heyvanın yetişdirilməsi üçün böyük həcmdə su, torpaq və bitki resursları tələb olunur ki, alternativ istehsal üsulları bu resurslara olan tələbatı azalda bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, ənənəvi ət insanların orqanizmi üçün mühüm əhəmiyyət kəsb edən vitamin və mineralların əsas mənbələrindən biridir və bu, müəyyən mənada genetik uyğunluqla da əlaqələndirilir. Süni ət isə bu baxımdan hələ tam alternativ hesab olunmur. Digər tərəfdən, müasir dövrdə veqan və vegeterian həyat tərzini seçən insanların sayının artması da süni ətə olan tələbatı yüksəldə bilər. Eyni zamanda, heyvan mənşəli qidalardan insanlara keçə bilən bəzi xəstəliklərin, məsələn, salmonella və E. coli kimi bakteriyaların süni ət istehsalında olmaması bu məhsulun üstünlüklərindən biri kimi göstərilir. Bundan başqa, heyvandarlıqda istifadə olunan antibiotiklər və digər kimyəvi preparatlar da süni ət istehsalında tətbiq olunmur ki, bu da əlavə üstünlük kimi qiymətləndirilir”.

Məhsəti Hüseynovanın fikrincə, keyfiyyətli və mənşəyi məlum olan ənənəvi ət hər zaman öz aktuallığını qoruyacaq:

“Bununla yanaşı, dünya əhalisinin sürətlə artması və yaxın gələcəkdə 10 milyarda çatacağı ilə bağlı proqnozlar nəzərə alınarsa, ətə olan tələbatın da artacağı qaçılmazdır. Belə bir şəraitdə ənənəvi ətin çatışmazlığı yarandığı halda süni ət alternativ çıxış yolu kimi dəyərləndirilə bilər”.

Ekspert hesab edir ki, ümumilikdə dünyada 200 mindən çox bitki və heyvan mənşəli qida məhsulu mövcuddur:

“Bu resurslardan düzgün istifadə edildiyi, israfa yol verilmədiyi və ədalətli şəkildə bölüşdürüldüyü təqdirdə dünya əhalisinin qida tələbatını ödəmək mümkündür. Bu baxımdan əsas məsələ qidanın istehsalından istehlakına qədər olan bütün mərhələlərdə – əkilmə, becərilmə, emal və paylanma proseslərində düzgün yanaşmanın tətbiqi, eləcə də istehlakçıların maarifləndirilməsidir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*