Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı bu il Azərbaycanda keçiriləcək. 12-ci Zirvə Toplantısı 6-7 oktyabr tarixlərində baş tutacaq. Zirvə görüşünün hansı şəhərdə baş tutacağı qeyd edilməsə də, bundan əvvəl mətbuatda görüşün Qəbələ şəhərində keçiriləcəyi barədə xəbər yayılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partisyasından olan deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib.
O qeyd edib ki, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək:
“Ərdoğan səfər zamanı Qəzzadakı vəziyyət barədə müzakirələr aparacaq. Cənab Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısında da bu məsələni gündəmə gətirdi. Sentyabrda BMT-nin topantısı olacaq. Cənab Prezident bu məsələni orada da yüksək səslə dilə gətirəcək”.
Şamil Ayrımın sözlərinə görə, Zəngəzur dəhlizi gündəmin əsas mövzusu olacaq:
“Qafqazda dialoq mühiti davam edir. Xüsusilə də, Ermənistanla Azərbaycan arasında dialoq, ABŞ-nin məsələyə daxil olması, Türkiyənin burada mühüm rol oynaması – bütün bunlara baxdıqda təbii ki, gündəmdə olacaq mövzuları içərisində Zəngəzur dəhlizi olacaq. Azərbyacan-Türkiyə əlaqələrinin gəldiyi nöqtədə danışılacaq. Bunlar gündəmdəki təməl məsələlərdir”.
O deyib ki, Türkiyə üçün ən önəmli məsələ Türk Dövlətləri Təşkilatının daha da güclənməsidir:
“Cənab Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına çox böyük önəm verir. Burada gündəmə gələcək əsas mövzulardan biri Şimali Kipr Türk Respublikası ilə bağlı məsələ də ola bilər. Şimali Kiprdə oktyabrın 19-da seçkilər keçiriləcək. Bu seçkilərə Türkiyə önəm verir. Biz Prezident kimi Ersin Tatarı dəstəkləyirik. Pakistan-Hindistan məsələsi, ümumiyyətlə regional məsələlərin həlli istiqamətində Türk Dövlətləri Təşkilatı bundan sonra çox effektiv rol oynaya bilər”.
Ş.Ayrım vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasında ikitərəfli görüş də baş tutacaq:
“İkili təmaslar da mütləq olacaqdır. Çünki həm cənab Rəcəb Tayyib Ərdoğan, həm də cənab İlham Əliyev getdikləri hər beynəlxalq toplantıda mütləq təkbətək görüşlər keçirirlər. Bu, artıq təbii haldır. İkili görüşlərdə TDT-nın öz gündəmində olan mövzular var. Ortaq əlifba razılaşdırıldı, bunun həyata keçirilməsi, ilin sonuna qədər ortaq tarix məsələsi var. TDT-nin maliyyə quruluşu və Zəngəzur dəhlizi danışılar. Çünki Qazaxıstanın, Türkmənistanın və Özbəkistanın təbbi qaynaqlarının dəhliz vasitəsilə digər dövlətlərə axması önəmlidir. Bütün bunlar danışılar. Bölgədəki ziddiyyətlərin aradan qaldırılması üçün dövlətlərin üzərinə düşənlər də müzakirə ediləcək”.