“Ərdoğan hər vasitə ilə İsrailin diqqətini çəkir” – Kseniya Svetlovabackend

"Ərdoğan hər vasitə ilə İsrailin diqqətini çəkir" - Kseniya Svetlova

Türkiyə ərazilərindən uzun müddət sığınacaq kimi istifadə edən fələstinli HƏMAS qrupunun üzvlərinə qapılarını bağlayır. Qrup üzvləri üçün bir sıra səyahət qadağaları qoyulur, vətəndaşlıqdan çıxarılır. Bu addımlar Prezident Rəcəb Tayyib Ərdoğanın İsraillə münasibətlərini normallaşdırmaq üçün atılır. Bu həm də HƏMAS-la əlaqələrin kəsiləcəyinə bir işarədir. Lakin yəhudi dövləti hələ də Ankaranın niyyətlərinin səmimiliyinə şübhə edir.

Son vaxtlar HƏMAS-ın ayrı-ayrı nümayəndələrinə qarşı başlayan araşdırmaların mövzusu türk mediası tərəfindən təbliğ edilir. Bu təxminlərə görə, Ankara yaxın həftələrdə İstanbulda möhkəmlənmiş Fələstin qrupunun fəaliyyətini zəiflətməyə başlayacaq. Beləliklə, təşkilatın üzvlərinə artıq vətəndaşlıq və uzunmüddətli viza verilmir. Bundan əlavə, son vaxtlar Türkiyə hüquq-mühafizə orqanlarının HƏMAS-ı təmsil edən, lakin xeyriyyə fondları adı altında fəaliyyət göstərən müxtəlif cəbhə təşkilatlarına qarşı istintaq başlatdığı bildirilir.

  • Türk səlahiyyətlilərinin nümayişkaranə şəkildə sərt addımlarına nəyin səbəb olduğu bildirilmir. Xatırladaq ki,Türkiyə HƏMAS emissarlarına uzun müddət yalnız sığınacaq təmin etmədi, həm də liderləri ilə açıq görüşlər keçirdi. Bu da İsrail və Amerika Birləşmiş Ştatlarının qəzəbinə səbəb oldu. Keçən ilin avqustunda Ərdoğanın qrupun iki liderini İstanbulda qəbul etməsi Dövlət Departamentinin sərt tənqidləri ilə qarşılandı. Bəyanatda deyilirdi ki, “Prezident Ərdoğanın bu terror təşkilatı ilə davamlı təmasları yalnız Türkiyənin beynəlxalq aləmdən təcrid olunmasına kömək edir. Eləcə də Fələstin xalqının mənafelərinə zərər verir və Qəzzadan gələn terror hücumlarının qarşısını almaq üçün qlobal səylərə xələl gətirir”.

Ancaq son zamanlarda Ankara 2018-ci ildə Qəzza zolağı ilə sərhəddə baş verən qarşıdurmalarda pisləşən münasibətləri bərpa etməyə hazır olduğu barədə yəhudi dövlətinin səlahiyyətlilərinə bir sıra mesajlar göndərdi. Dekabr ayında Ərdoğan ölkəsinin ikitərəfli əlaqələri canlandırmaq istədiyinə eyham vurdu. “Ən yüksək səviyyədə problem olmasaydı, təmaslarımız tamamilə fərqli ola bilərdi”, – deyə o bildirdi. İsrail rəsmiləri bu açıqlamalara çaşqınlıqla reaksiya verdilər.

“Qüds Post” o zaman etibarlı bir İsrail mənbəyinə istinadən Ankaranın sözlə deyil, hərəkətlə bunu sübut etməsini yazmışdı: “İsrail ilə əlaqələri gücləndirmək istəyən ölkə HƏMAS yaraqlılarının özlərini ən rahat hiss etdiyi yer olaraq qala bilməz”.

Hertslidəki Knessetin (İsrail parlamenti) üzvü olan Münaqişələrarası Tənzimləmə Mərkəzinin mütəxəssisi Kseniya Svetlova “NG”yə bildirib ki, “Biz İsraildə Türkiyədən səslənən ritoriki yaxından izləyirik. Görünür, Türkiyə gərginliyin artdığı ölkələrə bir az da yaxınlaşmaq üçün siyasi gəmilərinin sükanını kəskin şəkildə çevirməyə çalışır. Eyni zamanda, bu, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına yaxınlaşmaq üçün Ankaranın bir cəhdidir. Ərəblərin buna necə reaksiya verdiklərini bilmirəm, ancaq İsrail bu anda yaxınlaşma cəhdlərinə son dərəcə ehtiyatla yanaşır”.

Mütəxəssisin xatırlatdığı kimi, İsrailin Türkiyəyə qarşı əsas iddialarından biri HƏMAS-a, eləcə də Məbəd dağındakı türk fəallarına davamlı dəstək verməsi idi. Svetlova əlavə edib ki, “Bildiyim qədər HƏMAS ilə Türkiyə arasındakı əlaqə strateji bir münasibətdir. Bu, bəzi məqsədəuyğun hədəflərdən qaynaqlanan taktiki bir ittifaq deyil. Türkiyədə “Müsəlman Qardaşları”nın (Rusiyada qadağan edilmişdir – NG) siyasətini tam olaraq dəstəkləyən bir partiya var.  “Müsəlman Qardaşları” ilə əlaqəli olan bu cür təşkilatların fəaliyyəti türk strategiyasının bir hissəsidir. Ankaranın bundan imtina edə biləcəyinə inanmıram”.

Buna nümunə olaraq analitik HƏMAS ilə Qətər rəhbərliyi arasındakı əlaqəni göstərir: “Bir müddət əvvəl Qətərin orada olan HƏMAS liderlərindən nə xahiş etdiyini xatırlayırıq. Qətər bu  gün də HƏMAS-a sponsorluq etməyə və Qəzza zolağına maddi yardım göstərməyə davam edir. Əslində Yaxın Şərqdəki siyasətinin bir hissəsini bu təşkilat həyata keçirir”.

ABŞ-dakı seçkilərdə Co Baydenin qələbəsini nəzərə alan Türkiyə özünün Yaxın Şərq siyasətinə yenidən baxır. Çox güman ki, Ankara bu məsələdə Qüdslə münasibətlərdə istiləşməni mümkün zəmanət kimi qəbul edir.

“Nezavisimaya qazeta”, 30 yanvar 2021

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*