Belarus səfiri Aleksandr Konyuk açıqlama verərək Ermənistanın İttifaq dövlətinə qoşulma ehtimalından danışıb və İrəvana eyham vurub. Onun açıqlamaları ermənilər tərəfindən birmənalı qarşılanmayıb və Konyuk tənqid hədəfinə tuş gəlib. Belə ki, Ambartsum K. adlı erməni müəllif məqaləsində Belarus səfirinin fikirlərini şərh edib və onun ad çəkməsə də İran və Şimali Koreyadan yox, məhz Ermənistandan danışdığını deyib.
Daha sonra, erməni analitik Belarusun İrəvandakı səfirinin fikirlərini belə şərh edib: O, ölüm toxumu səpməklə fəxr edir. Üstəlik, bunu Rusiyanın Saratov vilayətində strateji nüvə qüvvələrinin aviabazasına pilotsuz uçuş aparatı ilə hücum edilməsi fonunda deyir. Yəni iki diktatorun, Putin və Lukaşenkonun yeganə qürur mənbəyi eynidir. Belarus səfiri Ermənistana öz suverenliyindən imtina etməyi təklif edir. Birlik Dövləti nədir? Bu, Belarusun Rusiya tərəfindən mənimsənilməsidir. Bəli, Belarus yalnız formal olaraq müstəqil dövlətdir. Əslində o, Rusiyanın subyektidir. Bu vəziyyətdə səfir Konyukdan soruşmaq lazımdır ki, ermənilərdən kimlər onun fikirlərini dəstəkləyib. Əgər səfir cavab verə bilməsə və yalan danışdığı üzə çıxsa, o zaman Konyuk arzuolunmaz şəxs kimi ölkədən qovulmalıdır”, – deyə erməni analitik məqaləsində yazıb.
“Ermənistan artıq KTMT və Aİİ-nin üzvüdür, lakin onlardan konkret yardım görməyib. Rusiya və Belarus heç bir şəkildə Bakıya təzyiq göstərmir. O zaman niyə İttifaq Dövlətinə qoşulmalıyıq? Ermənistan Xarici İşlər Nazirliyi bu təxribatçı bəyanatı ən sərt şəkildə təkzib etməyə borcludur. Bizi ölü doğulmuş layihəyə cəlb etmək cəhdlərinə cavab verməliyik. Rusiya isə başqa məsələlər barədə düşünməlidir. ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan general Ben Hodges Rusiyanın dağılacağını proqnozlaşdırır. Buna səbəb Kremlin Ukraynada başlatdığı müharibə olacaq. General Britaniyanın “The Telegraph” nəşri üçün 2022-ci ilin sentyabrında dərc olunan köşə yazısında dünyanı geosiyasi nəticələrini azaltmaq üçün bu prosesə əvvəlcədən hazırlaşmağa çağırıb. Bu şərtlər altında, Rusiyanın mövcudluğu böyük sual doğurur. Belarus səfirinin çıxışları axmaqlıqdır”, – deyə Ambartsum K. adlı erməni analitik fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az