Üç ildir ki, Ermənistanda siyasi gərginlik bir gündə olsun səngiməyib. 44 günlük müharibədə dəhşətli məğlubiyyətdən özlərinə gələ bilməyən erməni cəmiyyəti hələ bunun acısını uzun zaman unutmayacaq.
Özgəsinin torpaqlarına yiyələnən toplum həmin əraziləri qanuniləşdirmək üçün çalışsa da, buna nail ola bilmədi. Nəticədən məmnun qalmayan isə revanş hissi ilə alışıb yanan erməni siyasətçiləridir. Müsahibələrində mütəmadi Nikol Paşinyanı ittiham edən siyasətçilər Qarabağın əldən getməsində baş naziri günahlandırırlar.
KONKRET.az xəbər verir ki, bunlardan biri də siyasi ekspert Vahe Ovannisyandır. Politoloq bildirib ki, Paşinyan Qarabağı təhvil verəndən sonra ictimai rəyə hesablanan çıxışlar edir.
Hovanesiyana görə, baş nazirin son teleziya müsahibəsi də bu qəbildəndir: “Sonda məlum olacaq ki, ölkəmizdə yeganə qanunsuz mülk Ermənistan əraziləridir. Nikol Qarabağı təhvil verəndən sonra müsahibələr verir, ağlına gələni, bütün cəfəngiyyatları danışır. Bunun belə olması sual doğurur. Cavabı isə çox sadədir. Xalq səssiz, gücsüz bir sürüyə çevirilib. Nəticədə minlərlə qurban verdik, vətən isə əldən gedir. Çünki hakimiyyət ciddi sistem formalaşdıra bilməyib.
Son bir ayda Nikol müsahibələr, bəyanatlar verir, sənədlər imzalayır, sanki Qarabağın əldən getməsinin bu adama aidiyyatı yoxdur. Müxalifət isə susur, o cümlədən parlamentdəki müxalifət deputatları da səsini çıxartmır. Qarabağ adından özünü təsdiqləyənlər, Qarabağın hesabına böyük kapital sahibinə çevrilənlər susur. Hər gün Nikola qarşı çıxan, ictimai gündəmi dəyişməyə çalışan həmin 15-20 nəfər fərddir və onlar da oyun qaydalarını dəyişə bilməz”.
Vəli Həsənov,
KONKRET.az