Ermənilər, alınınıza həkk edin: Bakı zəmanətsiz kağızlara aldanmayacaqbackend

Ermənilər, alınınıza həkk edin: Bakı zəmanətsiz kağızlara aldanmayacaq

Ermənistanın əvvəlki rəhbərlərinin problemli respublikanın siyasi səhnəsində ən etibarlı fiqurlar olmadığını hamı bilir. İndi isə İrəvan qarşısında ciddi məsələlər tam gücü ilə dayanıb və hakimiyyət onlara məqbul cavablar axtarır. Bu zaman keçmiş rəhbərlər yenidən hakimiyyətə iddia edənlər kimi, qəhvə falına baxaraq çıxış yolları axtarırlar.

Onlar üçün əsas məsələ — hazırkı hökumətin gündəmini qarışdırmaq, çaşqınlıq yaratmaq və seçicilərin diqqətini özlərinə yönəltməkdir.

KONKRET.az xəbər verir ki, Ermənistanın ikinci və üçüncü prezidentlərinin indiki situasiyaya yanaşmaları maraq doğurur. Bu iki siyasətçi ölkədəki mövcud fəlakətli vəziyyətin birbaşa günahkarıdır və onlar təkcə keçmişi deyil, həm də ölkənin gələcəyini birlikdə məhv ediblər. Buna baxmayaraq, yeni intriqalar quraraq özlərini xalqın xilaskarı kimi təqdim etməyə çalışırlar.

Təcrübəli avantürist və demaqoq Serj Sarqsyan hakimiyyəti fəaliyyətsizlikdə ittiham etmək üçün təxribat xarakterli bəyanat yayıb. Onun “təhlükə siqnalı” kimi təqdim etdiyi cümlələrdən biri belədir: “Bəlkə bir-iki-üç aya Ermənistanın hansısa bir hissəsi Azərbaycana veriləcək, Tavuşda olduğu kimi?”

Əslində, 2020-ci ilin payızında Tavuşda nə baş verdi ki, Sarqsyan bunu yada salır? Həmin dövrdə Ermənistan ordusunun başında duran, Koçaryan–Sarqsyan cütlüyünün bəslədiyi kriminal Qarabağ generalları tərəfindən ardıcıl hərbi təxribatlar törədildi. Onlar Azərbaycanın hərbi-siyasi mövqelərini sınaqdan keçirmək istədilər, lakin bu təşəbbüsləri tam iflasa uğradı.

Bakı dərhal və sərt şəkildə cavab verdi, nəticədə Ermənistan dörd günlük 2016-cı il aprel müharibəsinin ssenarisini bu dəfə daha geniş miqyasda yaşadı. Beləliklə, Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı və tarixə İkinci Qarabağ müharibəsi kimi düşən bu savaşda qəti və tam qələbə qazandı. İrəvan isə yalnız özünü günahlandıra bilərdi.

İndi isə həmin faciənin başlıca baiskarlarından biri Serj Sarqsyan çıxış edərək əlavə edir: “Əgər (hər hansısa – red.) ərazi Azərbaycana verilərsə və müxalifət qalib gələrsə, onu geri qaytara biləcəyikmi? Və bu zaman bir il ərzində heç nə etmədiyimizə, yalnız tənqid etdiyimizə görə özümüzü ittiham etməyəcəyikmi?”.

Əslində, keçmiş prezident bu bəyanatla daxili vəziyyəti qarışdırmaq və ərazi məsələsini siyasi bazarlığın mövzusuna çevirmək istəyir. O, hər zaman olduğu kimi, yenə də qeyri-etik üsullara əl atır və öz uydurmasını cəmiyyətə “həqiqət” kimi sırımağa çalışır.

Sarqsyanın çıxışı nə məntiqlidir, nə də arqumentlidir. “Bir-iki-üç aya…” kimi ifadələr onun dəqiq məlumata malik olmadığını, sadəcə fərziyyələr irəli sürdüyünü göstərir. Bu isə tipik saxtakarlıq və qeyri-ciddilik nümunəsidir.

Əgər doğrudan da Ermənistanın hansısa ərazisinin təhlükə altında olduğunu iddia edirsə, niyə həmin yerin adını çəkmir? “Hansısa ərazi” deyə bəyanat vermək – ən azı qeyri-ciddi və ucuz siyasi şoudur. Yəni Sarqsyan cəmiyyətə məlumat yox, onun zəif imitasiyasını təqdim edir.

O, xalqda qorxu və panika yaratmaq üçün məqsədli şəkildə dolaşıq və qeyri-müəyyən ifadələr işlədir. Çünki onun məqsədi — revizionist əhval-ruhiyyəni alovlandırmaq və guya ki, hökumət Azərbaycanın tələbləri qarşısında geri çəkiləcək, nəticədə xalq hakimiyyəti devirmək üçün ayağa qalxacaq.

Bu halda, guya xalq müxalifəti tənqid edəcək ki, niyə vaxtında hərəkət etmədiniz. Bu cəfəng hesablamalara əsaslanan aktyorluqla Serj Sarqsyan, sadəcə, siyasi səhnədən getmədiyini göstərmək istəyir.

Lakin ikinci prezident Robert Koçaryanın son müsahibəsi bu cəhdlərə də zərbə vurdu. Koçaryan açıq şəkildə etiraf etdi ki, Sarqsyanın komandasının baş nazir postuna layiq nümayəndəsi yoxdur. Onun fikrincə, ya Serj məsuliyyətdən qorxur, ya da özünü laqeyd göstərir.

Görünür, onların yolları artıq ayrılıb. Hərçənd hər ikisi hazırkı hakimiyyətə qarşı birləşmiş müxalifəti təmsil edir, onların məqsəd və üsulları fərqlidir. Sadəcə biri öz ambisiyalarını gizlətmir, digəri isə üstüörtülü oynayır.

Lakin bu gediş-gəlişlərin mahiyyəti başqadır. Sarqsyanın bəyanatı yalnız daxili auditoriyanı qızışdırmaq deyil, həm də bir daha göstərir ki, Azərbaycan niyə Ermənistan Konstitusiyasında dəyişikliklər tələb edir.

Çünki revanşist qüvvələr açıq şəkildə yeni münaqişə və toqquşma planları qurur, imzalanması gözlənilən sülh sazişini pozmaq yollarını axtarırlar.

Amma Bakı bu təxribatlara uymur. Azərbaycanın diplomatik mövqeyi aydındır: söhbət ölkənin gələcək təhlükəsizliyindən gedirsə, burada aydın və etibarlı zəmanətlər olmalıdır. Əks halda, sülh müqaviləsi dəyərsiz kağız parçasından başqa bir şey olmayacaq.

Sarqsyan isə siyasi demensiya yaşayan bir adam kimi, yenə də cəmiyyətə “qorxulu nağıllar” danışır. Ona xaos lazımdır ki, yenidən itirdiyi yüksək vəzifələrə qayıtsın.

Ermənistanda bəzi siyasi qüvvələr əmindir ki, 2018-ci ildə Serj Sarqsyan hakimiyyətdən könüllü getdi, çünki yaxınlaşmaqda olan müharibəni görürdü və bilirdi ki, Ermənistan onu rüsvayçı şəkildə uduzacaq. O dövrdə Paşinyanla “səhnəarxası razılaşma” olub-olmadığını demək çətindir. Amma bəlkə də o zaman Sarqsyan yaxın gələcəyi düzgün proqnozlaşdırmış və küçəyə təslim olmuşdu.

Necə olursa olsun, keçmiş rəhbərlər bugünkü reallıqda layiq olduqlarından daha çox şey istəyirlər. Ermənistana isə bir dəfə silahlanma siyasəti baha başa gəldi və bu siyasətin müəllifləri elə Koçaryan və Sarqsyan idi.

Bəs eyni axmaq yola bir də dönmək lazımdırmı? Məgər bir dəfə dərs yetərli deyil?

Tərcümə etdi: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*