Azərbaycanın şanlı qələbəsi ilə sonlanan Qarabağ müharibəsindən 4 il keçməsinə baxmayaraq, Ermənistan hələ də məğlubiyyətinin səbəbini kənar təsirlərdə axtarmaqda maraqlı görünür.
Azərbaycanın yekun sülh üçün əsas tələblərindən olan, Rusiyanın da maraqlı olduğu Zəngəzur dəhlizi ideyası isə İrəvanın rəsmi Moskvanı özünə düşmən elan etməsi ilə nəticələnib.
Maraqlıdır, Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxmaqla Rusiyanı günahlandırmağa çalışan Ermənistan bununla nəyə nail olacaq?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Ermənistanın indiki ağır durumu ondan daxili auditoriya üçün çoxlu “düşmən”lər yaratmağa sövq edir:
“Təbii ki, İrəvanın ilk düşmən elan edəcəyi ölkənin Rusiya olacağı gözlənilən idi. Əgər 2016-cı ildə dörd günlük müharibədə Rusiya Azərbaycana mane olmağa çalışırdısa, 2020-ci ildə artıq neytrallığını qoruyaraq Ermənistanı müdafiə etmədi. Təsadüfi deyil ki, Putin Azərbaycanın əks hücum əməliyyatlarını öz ərazilərində apardığını məhz bu zaman yada saldı. Nəticə etibarilə, Ermənistan Rusiya onu müdafiə etmədiyi üçün Qərb platformasında yeni müttəfiqlər axtarışına çıxdı. Bunun reallaşacağı isə mümkün görünmür. Çünki Ermənistan Rusiyaya bağlıdır. Onun iqtisadiyyatının demək olar ki, 90-95 faizi rusların əlindədir”.
Ekspert qeyd edib ki, Ermənistanın hazırki məqsədi Rusiyanı yenidən müdafiəçisi kimi görməkdir:
“Lakin istənilən halda qərbpərəstlər çalışırlar ki, Rusiya ilə bağlı müəyyən ittihamlar irəli sürüb, bu ölkənin üzərinə böyük məsuliyyət qoysunlar. Onların niyyəti ya Rusiyanı yenə müdafiəçi kimi yanlarında görmək, ya da birdəfəlik Rusiyadan qırılmaqdır ki, bu da mümkünsüzdür.
Əlbəttə, Rusiya indiki halda ötən illərdən daha praqmatik siyasət yürüdür. Zəngəzur dəhlizi ilə bağlı Bakının mövqeyi isə tamamilə düzgündür. Sadəcə bu məsələdə Azərbaycanla Rusiyanın mövqeləri üst-üstə düşür. Bu proseslərin davamında Ermənistan üçün heç bir gələcək yoxdur. Çünki Ermənistan kortəbii şəkildə öz emosiyalarının əsirinə çevrilir. Siyasət isə ermənilərdən fərqli olaraq xülyaları, illüziyaları sevmir”.
Ayan,
KONKRET.az