Ekologiya bizi əhatə edən mühit və həmin mühitdəki canlı və cansız aləmin vəhdətidir. Ekologiya anlayışı son vaxtların əsas mövzusu olduğundan bununla bağlı çox yazılır, çox deyilir. Qloballaşan dünyada ekologiya və ətraf mühitin mühafizəsi problem olaraq qalır. Hər il bu sahəyə yüzlərlə seminar, simpozium həsr olunur və mütəxəssislər yeni ideyalar üzərində işləyir.
Dünyanı narahat edən ekoloji tarazlıq isə ildən-ilə pozulur və iqlim dəyişikliyinə səbəb olur. Ətraf mühitə etinasız münasibət də ekoloji narahatlıq yaradır. Meşələrin kütləvi qırılması, təbiətə qarşı laqeyd münasibət və digər elementlər ekoloji fəlakət yaradan amillərdir.
Azərbaycanda da ekologiya mövzusu aktualdır. Hazırda ölkəmizin ekoloji mühitə dövlət səviyyəsində xüsusi qayğı var və ətraf mühitin mühafizəsi dövlət siyasətidir. Milli parkların, meşə zolaqlarının, canlı aləmin, flora və faunanın qorunması üçün xüsusi dövlət proqramları işlənib həyata keçirilib. 2003-cü ildən bəri Azərbaycanda doqquz milli park yaradılıb. Ölkəmizin əsasən dağlıq-meşə ərazilərini əhatə edən milli parklarda nadir ağaclar, nəsli kəsilməkdə olan heyvanlar, adları qırmızı kitaba düşən canlılar mühafizə olunur.
Azərbaycanda ekoloji tarazlığın pozulması hallarına da rast gəlinir. Ötən ay Gədəbəyin Söyüdlü kəndi ərazisində törədilən ekoloji fəlakət bunlardan biridir. Yerli camaatın etirazına səbəb kəndin otlaq sahələrinə vurulan ekoloji ziyan və ətraf mühitin çirklənməsi idi. İyulun 11-də bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev Gədəbəy rayonunda baş vermiş hadisəni qəbuledilməz adlandırıb. Bu işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhlənkarlığa yol verdiyini deyib. Prezident İlham Əliyev məsələ ilə bağlı bir həftə ərzində ona və ictimaiyyətə məlumat verilməsini tapşırıb.
Azərbaycanda ekoloji mühitə ən böyük zərbəni isə Ermənistan vurub. 30 il Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ölkəmizi ekoloji terrora məruz qoyub. İçməli su mənbələrimiz çirkləndirilib. İşğal zamanı Azərbaycan meşələri, yüzlərlə nadir ağac növü kəsilib. Zəngilan rayonu ərazisində Qafqazda ən böyük çinar meşəsi məhv edilib. Qarabağ ərazisində dağıdılan yüzlərlə yaşayış məntəqələrində ekoloji terror törədilib. Şərqi Zəngəzur ərazisindəki çaylar əhəmiyyətli dərəcədə ekoloji fəlakətlə üz-üzə qalıb. Nəticədə su hövzələrində nadir balıq növləri yox edilib. Ermənistan ərazisindəki iri sənaye komplekslərinin tullantıları bu gün də Azərbaycanın su hövzələrinə axıdılır. Ermənistan ərazisindən keçən Araz çayına sənaye tullantılarının atılıması nəticəsində baş verən çirklənmə Azərbaycanda ekoloji tarazlığı pozur.
Bir sözlə, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir. Ötən il Qarabağda qiymətli filiz yataqlarını istismar edən ermənilərin qanunsuz əməllərinə etiraz olaraq Azərbaycanın ekoloji fəalları Şuşa-Xankəndi yolunda uzunmüddətli aksiya təşkil etdilər və nəticədə ərazilərimizdə ekoloji terrorun qarşısı alındı.
Amma düşmən ölkə öz çirkin əməlindən əl çəkmir. İndi də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə sərhəddə, Arazdəyən kəndində metallurgiya kompleksinin inşası Azərbaycanın ekoloji mühitinə qarşı törədilən növbəti terror hadisəsidir. Bununla bağlı dəfələrlə dünyanın ekoloji təşkilatlarına, beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Dünyanın bəzi ölkələrinin qeyri-hökumət təşkilatlarının nümayəndələri də Ermənistanın qanunsuz əməlini pisləyən bəyanatlar veriblər. Ermənistan isə bütün bunlara məhəl qoymur və ətraf mühiti çirkləndirməkdə davam edir. Ermənistan ərazisindəki Metsamor AES-dən ərazilərimizə axıdılan zərərli maddələrin ətraf mühitə vurduğu ziyanın isə məbləği bəlli deyil. Bütün bunlarla bağlı Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Amma etirazlara baxmayaraq, ermənilər ekoloji terrordan əl çəkmirlər.
Ermənistanın ətraf mühitə vurduğu ziyan milyardlarla dollar dəyərində qiymətləndirilir. Azərbaycan öz ərazilərinə sahib çıxıb, sərhədlərinə nəzarət etdikcə, ekoloji fəlakətin fəsadları aradan qaldırılır. İndi Qarabağdan və Şərqi Zəngəzurdan axan çayların suyu əvvəlki kimi saf və təmizdir. Oxçu çaya zərərli tullantılar daha axıdılmır. Tərtər çayı murdar sulardan azaddır. Bir azdan çaylarımız kimi bütün Qarabağ da dum-duru olacaq.
Vəli Həsənov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.