“Ötən həftə Qarabağda antiterror tədbirləri uğurla başa çatdıqdan sonra qarşıda iki əsas hədəf dayanır. Bunlardan biri təhlükəsizlik seqmentinin gücləndirilməsi, yaraqlıların tərksilah edilməsi və təhlükəsizliyə təhdid yaradan elementlərin aradan qaldırılmasıdır”.
Bunu KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Əlavə edib ki, bu proseslər bir qədər vaxt aparacaq: “Ən mühüm seqment reinteqrasiya ilə bağlıdır. Amma Azərbaycan Konstitusiyası, yurisdiksiyası və qanunvericiliyi altında yaşamaq istəməyən ermənilər də var. Onlar regionu tərk etmək istəyirlər. Düzdür, biz onların Qarabağı tərk etməsinə qarşıyıq, amma gedəni də saxlamazlar. Amma ermənilərin Qarabağı kütləvi şəkildə tərk etməsi gələcəkdə problem yarada bilər. Çünki Ermənistana gedəndən sonra revanş əhval-ruhiyyəsi ilə yaşayacaqlar.
Digər tərəfdən, Azərbaycan onlara seçim variantı verir, kim istəsə qala bilər. Azərbaycan bütün ehtiyaclarını təmin edəcək və burada onların hər hansı problemi qalmayacaq. Artıq görürük ki, Xankəndi şəhəri Ermənistandan gələn elektrik şəbəkəsindən ayrılıb və Azərbaycan elektrik şəbəkəsinə qoşulub. Qarşıdakı bütün sosial-iqtisadi proqramlar da öz həllini tapacaq. Burada əsas məsələ xoş niyyət, humanist davranış və reinteqrasiya prosesini tamamlamaqdır. Bu proses tez bir zamanda öz həllini tapacaq. Lakin prosesdə ən ali səviyyədə bir istək var. Cənab Prezident xalqa müraciətində də bu barədə önəmli fikirlər irəli sürdü. Ermənilərin reinteqrasiya prosesi yekunlaşdıqca burada sülhün dayanıqlığı da artacaq”.
Vəli Həsənov,
KONKRET.az