Ermənilərin Tuğ kəndində dağıtdıqları tarixi məktəb binası haqda MARAQLI FAKTLAR – FOTOLARbackend

Ermənilərin Tuğ kəndində dağıtdıqları tarixi məktəb binası haqda MARAQLI FAKTLAR - FOTOLAR

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Təqribən 5 min illik dövlətçilik tarixinə malik olan Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub.  Dövlətçilik tarixinə, ənənələrinə bağlı olan Azərbaycan xalqı böyük mədəniyyət hadisələri yaradıb. Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri də onun adət və ənənələridir. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan  özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Bu proses indi də davam edir. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”, sözləri ilə bu mövzuya öz möhürünü vurub. Lakin təəssüflər olsun ki, mənfur düşmənlərimizin torpaqlarımızı işğal etməsi nəticəsində bir sıra maddi-mədəniyyət nümunələrimiz, tarixi və elmi abidələrimiz məhv edilib. Bu baxımdan Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi ziyanın sayı-hesabı yoxdur desək, yəqin ki, yanılmarıq. Ancaq Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad edilməsi ilə həmin ərazilərdə abadlıq-quruculuq işlərinə start verilib, milli adət-ənənələrimizi özündə birləşdirən maddi-mədəniyyət nümunələrimizin bərpası istiqamətində addımlar atılmağa başlanıb. Qarabağın tam bərpası başa çatana qədər isə ora səfər edən hər bir azərbaycanlının ürəyində nisgil və yara qaysaq bağlamayacaq. Çünki ermənilərin viran qoyduğu, darmadağın etdiyi kəndlərimizin, şəhərlərimizin hər daşı damarında Türk qanı axan bütün vətəndaşlarımız üçün olduqca dogma və əzizdir.   

Ata-baba yurdu olan və düşmən tapdağından azad edilən Xocavənd rayonunun Tuğ kəndindən qayıdan ictimai fəal  Rəyanə Məlik-Aslanova gördüklərini KONKRET.az-a danışıb. O, bu il iyunun 16-da Xocavənd rayonunun Tuğ kəndini, dədə-baba yurdunu yenidən ziyarət etməyin hiss və həyəcanını bölüşüb. Eləcə də Tuğ kəndindəki tarixi məktəb binası ilə bağlı həqiqətləri çatdırıb: “Gördüyüm dağıntılardan sonra hələ də özümə gələ bilmirəm. Bir vaxtlar çiçəklənən diyar xarabalığa çevrilib. Tuğdan çoxlu tanınmış şəxsiyyətlər çıxıb. 19-cu əsrin ikinci yarısında açılan kənd məktəbinin yüksək statusu isə, hətta bütün Rusiya imperiyasında nadir idi. Tuğ kəndində məktəbin yaradılmasında bilavasitə iştirak edənlərin varisi olaraq bu təhsil ocağı və yeri haqqında qısa məlumat verməyi özümə mənəvi borc bilirəm. Təəssüf ki, bəzən yerli kütləvi informasiya vasitələrində tarixi həqiqətə uyğun olmayan və Xocavənd rayonunun Tuğ kəndində ilk məktəbin yaradılması və yerləşməsi ilə bağlı etibarlı mənzərəni təhrif edən materiallar ortaya çıxır. Yaxud bir vaxtlar bu kənddə baş verənləri səthi bilən və ya heç bir əlaqəsi olmayan insanlar danışır. Bəzi mənbələrə görə məktəb 1885-ci ildə, bəzilərinə görə isə 1883-cü ildə açılıb. İmperator II Aleksandrın fərmanına əsasən təhsil ocağı Rus-Avropa tipli məktəb adına layiq görülüb. Məktəbin açılışının birbaşa təşəbbüskarları Mehdi və Sadıx bəy Məlik-Aslanov qardaşları olub. Bu məktəbin yerləşdiyi binaya gəlincə – ilk məktəb Sadıx bəyin evində açılıb. Mənim ulu babam Aslan bəy Məlik-Aslanovun həyat yoldaşı Asya xanım (ulu nənəm) Mir Mehdi Xəzaninin qızı idi. Aslan bəyin dəvəti ilə Mir Mehdi Xəzani Tuğa köçür və həmin məktəbdə dərs deyir. Ailəmizdə olan hekayələrə görə, Mir Mehdi Xəzani “Kitabi-tarixi-Qarabağ” (“Qarabağnamə”) əsərini ulu babamın evində yaşayarkən yazıb”.

Rəyanə Məlik-Aslanova: Əminəm ki, ulu babalarımın evləri bərpa edilərək mədəni-maarif mərkəzinə çevriləcək - AZƏRTAC

Rəyanə Məlik-Aslanova bildirib ki, keçən əsrin 20-ci illərinin ortalarında Tuğun zirvəsində yan-yana yerləşən Aslan bəy və Mehdi bəy qardaşlarının imarətləri müsadirə olunub və vaxtı ilə qardaşları Sadıx bəyin evində açılan Tuğun məşhur ilk məktəbi  həmin binalara köçürülüb: “Mərhum Prezident Heydər Əliyevin sərəncamı əsasında 1978-ci ildə Tuğda yeni məktəb binası inşa olub istifadəyə verilir  və yuxarıda sözügedən təhsil ocağı yeni binada fəaliyyətini davam etdirib. Tuğun əksər əmlakı kimi Aslan bəyin və qardaşı Mehdi bəyin evləri də demək olar ki, tamamilə dağıdılıb. Viran qalmış kəndi ziyarət edərkən ürək açan yeganə məqam ulu babamın evinin qarşısındakı bulaqdan su axması oldu. Əminəm ki, Aslan bəy və Mehdi bəy Məlik-Aslanov qardaşlarının yaşayış evləri dövlət tərəfindən bərpa edilərək xalqımızın ziyarəti üçün mədəni-maarif mərkəzinə çevriləcək. Eyni zamanda evlərin əsl sahiblərinin adları da qeyd olunacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*