“Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialardan imtina edə bilər. Bu, Ermənistana və erməni xalqına sağalmaz yara vuracaq”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçilərinin bəyanatında deyilir:
“Ermənistanın beynəlxalq məhkəmələrdə və digər strukturlarda Azərbaycana qarşı şikayətlərini geri götürməsinin mümkünlüyü ilə bağlı ölkənin ən ali orqanlarının bəyanatları ciddi narahatlıq doğurur. Əgər belə olarsa, bizi yaxşı heç nə gözləmir. Bizim erməni xalqının hüquqlarının pozulmasına görə beynəlxalq məsuliyyəti təmin etmək kimi strateji məqsədimiz olmalıdır. Azərbaycana qarşı şikayətlərimiz bizim kollektiv və fərdi hüquqlarımızın, eləcə də beynəlxalq ədalətin qorunması üçün əvəzsiz alətlərdir. Dövlətlərarası şikayətlərlə yanaşı, bir çox fərdi şikayətlər də beynəlxalq məhkəmələrə təqdim olunur və onlardan imtina edilərsə, fərdi şikayətlərin taleyi qeyri-müəyyən olacaq. Belə olan halda fərdi şikayətlərin qüvvəsi ya xeyli zəifləyəcək, ya da beynəlxalq məhkəmə onları sadəcə olaraq dövlətlərarası şikayətlərlə birləşdirib rədd edə bilər. Nəticədə, hökumətin yolverilməz siyasi qərarı ilə insanlar beynəlxalq məhkəmə müdafiəsindən məhrum olacaqlar.
Beynəlxalq məhkəmələrdə şikayət və tələblər erməni diplomatiyası üçün əvəzolunmazdır. Beynəlxalq tələblərin rədd edilməsi beynəlxalq arenada ölkəmizə ciddi zərər vuracaq”.
Qeyd edək ki, bəyanatı erməni hüquq müdadiəçiləri Geqam Stepanyan, Arman Tatoyan, Artak Beqlaryan, Siranuş Saakyan, Ara Xazaryan imzalayıb.
Natiq Səlim,
KONKRET.az