Ermənistan Baş Prokurorluğu Qarabağ erməniləri barəsində cinayət işi başlatdı – ƏTRAFLIbackend

Ermənistan Baş Prokurorluğu Qarabağ erməniləri barəsində cinayət işi başlatdı - ƏTRAFLI

Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi regionda münasibətləri daha da gərginləşdirir. Qarabağdan ermənilərin kütləvi köçünü təşkil etməklə Azərbaycana siyasi təsir mexanizminin işə düşəcəyini düşünən Ermənistanın bu siyasəti özünü doğrultmadı. İndi isə ermənilər yeni metoddan istifadə etmək qərarına gəliblər. Azərbaycanı etnik təmizləmədə və Ermənistana qarşı “müharibəyə hazırlaşmaqda” ittiham cəhdlərindən istifadə edən düşmən bununla ölkəmizin siyasi imicinə zərbə vurmağı düşünür. Bu azmış kimi, Ermənistanın Baş Prokurorluğu Qarabağda baş verən hadisələrlə bağlı cinayət işi başladıb.

Məsələ ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran keçmiş hərbi prokuror, ədliyyə polkovniki İlham Məmmədov bildirib ki, cinayət işinin başlanmasına səbəb Ermənistan vətəndaşlarının Qarabağda olan erməni silahlı birləşmələrinin hər hansı ümumi cinayət kateqoriyalarıdır:

“Ermənistanın keçmiş ədliyyə naziri yerli mətbuata verdiyi müsahibədə bildirir ki, Ermənistan Respublikasının Baş Prokurorluğu Qarabağ ərazisində baş verən hadisələrə görə cinayət işi başlayıb. Burada o, Cinayət Məcəlləsinin 12-ci maddəsinə istinad edir. Qeyd edim ki, həm Azərbaycan, həm də Ermənistan 2000-ci ildə Avropa Şurasına üzv olduqdan sonra bu ölkələrin Cinayət Prosessual Məcəllələrində köklü dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, 1 sentyabr 2000-ci ildə Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Eyni müddəa Ermənistan Respublikasının Cinayət Məcəlləsində də yer alıb. Bu baxımdan Ermənistanın Baş Prokurorluğunun Ermənistan vətəndaşlarına dair cinayət işi başlaması legitimdir. Ermənistanın keçmiş ədliyyə naziri bildirir ki, cinayət işinin başlanmasına səbəb Ermənistan vətəndaşları tərəfindən Qarabağda erməni silahlı birləşmələrində ümumi cinayət kateqoriyalarına daxil olan hərəkətlərdir”.

Ekspert onu da bildirib ki, Ermənistanın zəhərli ideologiyası millətlərarası düşmənçilik toxumu səpməyə xidmət edir. Özünü digər millətlərdən üstün tutan bir toplumun ideologiyasının nəticələri bütün dünyaya bəllidir: “Məhz qəhrəman Azərbaycan əsgərinin və cənab Prezidentin apardığı düzgün siyasətin nəticəsidir ki, artıq Qarabağ məsələsi həll edilib. Amma 35 illik işğal dövründə baş verənlər bütün dünyaya nümayiş olunub. Azərbaycan ərazisində törədilən kütləvi terror, deportasiya aktları, azərbaycanlıların Meşəlidə, Qaradağlıda, Xocalıda soyqırıma məruz qalması ermənilərin vəhşiliyinin sübutudur. Qarabağ ərazisindəki Azərbaycana məxsus tarixi irsin yer üzündən silinməsi, məscidlərin, hətta qəbiristanlıqların dağıdılması insanlığa yaraşmayan hərəkətdir. Ermənistan Baş Prokurorluğu cinayət işi başladaraq, cinayət törədən şəxsləri məsuliyyətə cəlb etmək fikrinə düşüb. Amma sadaladığım faktlarla bağlı da cinayət işi açılsaydı və Azərbaycan Baş Prokurorluğu ilə əməkdaşlıq edilərək həmin cinayətləri törədən şəxslərin mühakiməsinə qərar verilsəydi, ədalətin bərqərar olunmasında misilsiz töhfə olardı”.

Ermənistanın sülh müqaviləsinin bağlanmasına müəyyən əngəllər törətdiyini deyən İlham Məmmədov bildirib ki, Ermənistan Konstitusiyasında qeyd olunan bəzi müddəalar ləğv edilməlidir: “Ermənistan Respublikası Konstitusiyasının preambulasında 1991-ci ildə qəbul olunan deklorasiyanın müddəaları öz əksini tapıb. Və Ermənistan Respublikası Azərbaycanla sülh müqaviləsinə gedirsə, həmin müddəalar dəyişilməlidir. Xatırladım ki, Ermənistan Konstitusiyasında parlamentin və ləğv edilən “Dağlıq Qarabağ respublikası parlamentinin” birgə bəyannaməsi var. Bu müddəalar ləğv edilməlidir və Ermənistan Baş Prokurorluğu yaxşı olardı ki, həmin müddəaların dəyişdirilməsi üçün qanunvericiliyə uyğun addımlar atsın”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*