Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq üçün Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxıb-çıxmaması ilə bağlı qərarı erməni xalqı qəbul etməlidir.
KONKRET.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Bu yaxınlarda Nikol Vovayeviç Paşinyan qeyd edib ki, eyni zamanda Aİİ və Aİ-nin üzvü olmaq mümkün deyil. Əgər belə bir qərar nə vaxtsa qəbul olunsa, əminəm ki, müxtəlif amillər nəzərə alınacaq”, – Overçuk vurğulayıb .
Ötən həftə Paşinyan vurğulayıb ki, İrəvan Aİİ və Aİ-yə eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü başa düşür. “Qaçılmaz seçim anı gələndə biz müvafiq qərar qəbul edəcəyik”, – baş nazir qeyd edib. O bildirib ki, istənilən ssenari mümkündür və hər şey “erməni xalqının iradəsindən, vəziyyətin təhlilindən, perspektivlərdən, danışıqların nəticələrindən” asılı olacaq.
Bir həftə əvvəl Paşinyan Overçukla görüş keçirib və orada Ermənistan və Rusiya arasında ikitərəfli gündəliyə aid məsələlər, o cümlədən ticarət dövriyyəsinin dinamikası və birgə proqramların icrası prosesi müzakirə olunub.
Müşviq Tofiqoğlu
KONKRET.az