Ermənistan vətəndaşına pasportunda Ağrı dağı formasında imza olduğu üçün sosial kartın verilməməsi müzakirələrə səbəb olub. Baş nazir Nikol Paşinyanın ABŞ-dan verdiyi “Türkiyə ilə danışıqlar hələ bu səviyyədə aparılmamışdı” bəyanatı fonunda hökumətin ermənilərə qoyduğu Ağrı dağ qadağası diqqət çəkir. Ermənistanın Türkiyəyə əsas iddialarından biri də qondarma “erməni soyqırımı”dır.
İrəvan bu absurd iddiasından da geri çəkiləcəkmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, ermənilərin Ağrı dağ iddiası və “erməni soyqırımı” təbliğatı Cənubi Qafqazda baş verən geosiyasətin kiçik fraqmentləridir:
“Fundamental olaraq regionda geosiyasi vəziyyət həmişə dəyişə bilər. Paşinyanın öncə Davosda, sonra ABŞ-da “erməni soyqırımı” ilə bağlı verdiyi bəyanatlar təsadüfi deyil. Bu, davamlı tendensiyaya çevrilib.
Ermənistan düşünür ki, kənar qüvvələrin regiona təsirini aradan qaldırmasa, sabitlik olmayacaq və özü müstəqil dövlətə çevrilə bilməyəcək. Bu məsələdə İrəvanın səmimi olduğunu demək çətindir”.
Politoloq deyib ki, Türkiyə və Azərbaycanın regional siyasəti daha realdır:
“Həm Ankara, həm də Bakı əsrlərdir davam edən geosiyasi aldatmacanı əməkdaşlıqla əvəzləmək istəyir. İrəvan Ağrı dağı iddiasından imtina etməlidir, çünki bu ərazi onsuz da Türkiyənindir. Soyqırımı məsələsi isə daha ciddir. Əgər Ermənistan hökuməti soyqırımının olmadığını deyirsə, 1915-ci ildə baş verənlərlə bağlı illərdir gedən təbliğat da fiaskoya uğrayır. İrəvan bu qondarma iddiadan da imtina edərsə, münasibətlərin bərpası istiqamətində böyük addım atmış olar”.