“Ermənistan öz mövcudluğunu itirəcək” – Rusiyalı politoloqlardan İLGİNC ŞƏRHbackend

"Ermənistan öz mövcudluğunu itirəcək" - Rusiyalı politoloqlardan İLGİNC ŞƏRH

Rusiya Ermənistanın ərköyünlüyünə hələ də dözür və cığal müttəfiqinin oyun qaydalarını pozmasına göz yumur. Düzdür, bəzi məmurlar səviyyəsində rəsmi İrəvana etirazlar bildirilib. Hətta Vladimir Putin də bir neçə dəfə üstüörtülü şəkildə Ermənistanın xarici siyasətindən xoşlanmadığını ifadə edib. Rusiyanın Cənubi Qafqazdakı forpostu rolu oynayan Ermənistan isə Qərbin göstərişlərini yerinə yetirməkdə israrlıdır. Nəticədə Ermənistan Rusiyanın iştirakıyla keçirilən tədbirlərdən imtina etməyə qərar verib. Hər dəfə Rusiyanın patronajlığı ilə keçirilən iclaslara qatılmayan Ermənistan rəhbərliyi bundan sonra dərhal Fransada peyda olur. Rusiyadan birdəfəlik qopmaq istəyən Ermənistanın qarşısına qoyulan vəzifə KTMT və MDB-dən çıxmaqdır. Bunun üçün dəridən-qabıqdan çıxan Qərbin Paşinyana verdiyi müxtəlif təlimatlar əsas rol oynayır.

KONKRET.az xəbər verir ki, rusiyalı ictimai xadim və publisist Dmitri Verxoturovun fikrincə, Ermənistanın MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin iclasında iştirakdan imtinası qeyri-dost jestidir:

“Ermənistanın bu strukturlarda iştirakını məqsədyönlü şəkildə azaltdığı müşahidə olunur. Moskvadakı görüşdə Armen Qriqoryanın iştirak etməməsi bu planın həyata keçirilməsinin mərhələlərindən biridir. Göründüyü kimi, Ermənistan rəhbərliyi Qərbdə yeni müttəfiqlər tapmaq üçün Rusiya ilə münasibətləri pozmağı planlaşdırır. Bu siyasətin başında Ermənistan rəhbərlərinin Rusiyadan incikliyi dayanır. Mahiyyət etibarilə Ermənistan özünü elə aparırdı ki, sanki Rusiya Ermənistanı müttəfiq kimi qorumaqla kifayətlənməməli, həm də bütün istəklərini yerinə yetirməli idi. Ermənilər KTMT və MDB çərçivəsində Rusiya ilə əməkdaşlığı məhz belə təsəvvür edirdilər. Amma Moskvanın təbii ki, tamam başqa yanaşması və müttəfiqliyə fərqli baxışı var. Bu, ondan ibarətdir ki, əgər Ermənistan hərbi müttəfiq sayılırsa, o, ümumi müdafiədə iştirak edir, ümumi yükləri daşıyır. Düşünürəm ki, burada fərq tərəflərin müttəfiqlik münasibətlərinin nə olduğunu, nəyi öhdəsinə götürdüyünü və nəyi nəzərdə tutduqlarını başa düşmələrindədir. İstənilən halda, kəskin fikir mübadilələri çox olacaq. Digər tərəfdən, mən başa düşə bilmirəm ki, ermənilər niyə Qərbi qucaqlamağa bu qədər can atır. Fakt budur ki, indi Ukrayna və İsrail-Fələstin münaqişəsi ilə məşğul olan Qərb ermənilərə çox az kömək edə bilər. Ermənistan isə bunu unudur. İkincisi, Türkiyə NATO strukturunda çox mühüm elementdir. Ona görə də Ermənistan Qərb cinahına keçərsə, o, əslində heç Fransanın, Almaniyanın, Kanadanın və ya hansısa başqa ölkənin deyil, Ankaranın qulluğunda dayanacaq. Qəribədir ki, ermənilər belə bir ssenarini qabaqcadan görmürlər”.

Rusiyalı hərbi ekspert Aleksey Xlopotov isə hesab edir ki, Ermənistan özünü incimiş uşaq kimi aparır:

“Güman etmirəm ki, münasibətlərdə qırılma olsun. Buna Ermənistan büdcəsinin Rusiya iqtisadiyyatından asılı olması faktı imkan vermir. Diplomatik münasibətlərin dayandırılması da cəfəngiyatdır. Məsələyə daha dərindən baxsaq, Ermənistan suverenliyini itirə bilər. Ərazisinin yarısı Azərbaycanın nəzarətinə keçəcək, qalan hissəsi isə Fransanın nəzarəti altında Avropanın çirkli pullarının yuyulması üçün istifadə olunacaq”.

Beynəlxalq Avrasiya Hərəkatının analitik şöbəsinin rəhbəri, politoloq Vladimir Kireyev isə bildirib ki, Ermənistan rəhbərliyi tədricən belə qənaətə gəlir ki, Rusiya ilə münasibətləri kəsmək lazımdır:

“Ermənistan-Rusiya münasibətləri son illərdə durmadan pisləşir. Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistan ABŞ, Avropa İttifaqı, NATO ilə münasibətlər qurmaq kursunu müəyyənləşdirdi. Eyni zamanda, Ermənistanın baş naziri Qarabağın itirilməsinə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır. Bununla o, Ermənistan cəmiyyətini Moskva ilə iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlığın istənilən nəticəni vermədiyinə inandırdı. Onlar deyirlər ki, Ermənistanın çiçəklənməsi yalnız Avropa ilə sıx əməkdaşlıqdan keçir. Ona görə də hesab edirəm ki, yaxın vaxtlarda İrəvanın KTMT-dən çıxması barədə bəyanat səslənəcək. Ardınca Rusiya hərbi bazasının yerləşdirilməsi ilə bağlı razılaşmanın pozulması gəlir. Bununla da Ermənistanın öz mövcudluğunu itirmək mərhələsi başlayacaq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*