“Tavuş rayonunda heç bir kəndin Azərbaycana təhvil verilməsindən söhbət gedə bilməz”
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, martın 12-də keçirdiyi mətbuat konfransında deyib.
“Tavuş rayonunda heç bir kəndin təslim olması ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz. Azərbaycan mətbuatında kəndlərin adları açıqlanıb. Amma Ermənistan Respublikası ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da həmin adda kəndlər olmayıb”, – Paşinyan çıxışında qeyd edib.
Paşinyan qeyd edib ki, Alma-Ata Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas götürülüb:
“Sovet İttifaqının dağılması zamanı de-yure mövcud olan sərhəd təkcə Alma-Ata bəyannaməsi ilə deyil, həm də 6 oktyabr 2022-ci ildə Praqada əldə edilən razılaşmalarla təsdiqlənib. Alma-Ata Bəyannaməsi Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, bir-birinin sərhədləri və ərazi bütövlüyünü tanımalarıı üçün əsas oldu. Ona görə də bu müqavilələrə əsasən, Sovetlər İttifaqı dövründə mövcud olan keçmiş inzibati sərhəd əsas götürülür. Bu inzibati sərhədin o tayında olan ərazi şərti olaraq Azərbaycandır, bu tərəfdə olan Ermənistandır”.
Xatırladaq ki, söhbət Qazax rayonunun Baganis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndlərindən gedir.
Ariz Həsənoğlu,
KONKRET.az