“Beynəlxalq təşkilatların öz reallıqları var. Bu təşkilatlar virtual siyasi məkanda fəaliyyət göstərir, reallığı öz doqmalarına uyğunlaşdırmağa çalışır”.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Qaqik Mkrtçyan bildirib.
Ermənistanın dövlət maraqlarını heçə sayan beynəlxalq təşkilatları sərt tənqid edən Mkrtçyan daha sonra yazır: Hələ bu günə qədər beynəlxalq qurumlar heç bir regional münaqişəni həll etməyiblər. Münaqişələrsə onların iradəsi və zamanın sınağına dözmür. Bu təşkilatlar mütəmadi olaraq heç kimin icra etmədiyi və az adamın diqqət yetirdiyi qətnamələr verir ki, bu da real iş deyil, sadəcə fəaliyyətin imitasiyasıdır.
Beynəlxalq təşkilatların hansısa mühüm problemi həll edəcəyinə, ədaləti bərpa edəcəyinə ümid etmək ancaq nəzəri cəhətdən mümkündür. Siyasətdə “yumşaq güc” kimi bir anlayış var. Termin onilliklər əvvəl Cozef Nyenin kitabında ortaya çıxıb. Ancaq bu, sadəcə bir termindir və bu tip siyasət çoxdan məlumdur. “Yumşaq güc”, adi gücdən fərqli olaraq, gücdən istifadə deyil, humanitar təsirdir. Təəssüflə qeyd etmək lazımdır ki, hazırda beynəlxalq təşkilatlarda “yumşaq güc” belə yoxdur.
Lakin Ermənistan hakimiyyəti bütün bunları anlamır. Onlar ümumiyyətlə çox şey başa düşmürlər. Ona görə də ermənilər Apokalipsisi oxumaq əvəzinə, Qərbin beynəlxalq təşkilatlarına inteqrasiya etməklə Ermənistanı cənnət qapılarına, sülhün, təhlükəsizliyin və rifahın hökm sürdüyü yeni reallığa aparacağına qəti inanmaqda davam edirlər.
Xarici işlər naziri Ararat Mirzoyan Brüsselə AB-nin Xarici İşlər Nazirləri Şurasının formatında görüşə getdi. Avropa İttifaqı və Aİ-yə uzun müddət “demokratik islahatları” dəstəklədiyinə, sülh prosesinin təşviqinə və Azərbaycanla münasibətlərin normallaşmasına görə təşəkkür etdi, Avropa İttifaqının monitorinq missiyasına hələ bir sağ ol da dedi”.
Qaqik Mkrtçayn hesab edir ki, Ermənistanda axmaqlıq hökmranlıq edir: “Qərbin mövqeyi son dərəcə aydındır. Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib ki, “Aİ Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir, Aİ hərbi ittifaq deyil, siyasi və iqtisadi dəyərlər birliyidir”.
Bundan əlavə, “Avropa İttifaqının Aİ-yə üzv dövlətlərin ərazisində erməni hərbçilərinə təlim keçmək planı yoxdur”, – deyə o, aydınlaşdırıb. Avropa İttifaqı Ermənistan ordusuna Avropa Sülh Fondu vasitəsilə “qeyri-öldürücü formatda” yardım göstərmək imkanını öyrənir, lakin hələlik konkret qərar yoxdur.
Yaxşı, bunu nə ilə müqayisə etmək olar? Bir sillə ilə? Üzünə tüpürməklə? Görünən odur ki, Qərbdən öz siyasətinə yenidən baxmağı tələb etməyin mənası yoxdur. Yazıçı Sergey Dovlatovun bir vaxtlar haqlı olaraq qeyd etdiyi kimi, Allahdan daha çox şey tələb olunmur.
Yaxşı, Qərb Ermənistana konkret olaraq necə kömək edə bilər? Axı hətta Avropa İttifaqının Xarici Əlaqələr və Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrell belə demişdi: “Ermənistan çox çətin vəziyyətdədir. Ermənistandakı vəziyyət bizim qəti dəstəyimizi tələb edir”.
Qərbdən “həlledici dəstək” boldur! Aİ-nin Ermənistandakı səfiri Vasilis Marqos və Aİ-nin Ermənistandakı müşahidəçilərinin rəhbəri Markus Ritterin dediyi kimi, “Avropa İttifaqı ədliyyə, polis və təhsil sektorlarında islahatları dəstəkləyir, gender bərabərliyinə, bütün qadın və qızların insan hüquqlarına xüsusi diqqət yetirir. Burada əlillərin hüquqları, LGBT hüquqları, üstəgəl məişət zorakılığı ilə mübarizə də var. Düşünürük ki, bu bəyanatdan sonra Paşinyanın hökumət rəsmilərinin illüziyaları Himalay dağlarında ölən hindlinin külü kimi dağılsın.
Sən demə, Avropa İttifaqına aydın olub ki, LGBT hüquqları “çox çətin vəziyyətdə olan” Ermənistanın hazırda ən çox ehtiyac duyduğu şeydir! Biz həmişə bu barədə xəyal edirdik və indi gerçəkləşib. Prosesin bütün iştirakçılarını təbrik edirik.
Bu arada Ermənistanın potensial müttəfiqləri Paşinyanın siyasətinə çiyinlərini çəkirlər. Həqiqi müttəfiqlərlə əməkdaşlığın baş tutması üçün zəruri ilkin şərt kimi, potensial tərəfdaşın hələ də real dünyada yaşaması lazımdır. Əgər o, qızdırmalı illüziyalar dünyasında yaşayırsa, “beynəlxalq ictimaiyyətin” mütləq xeyirinə inamı sarsılmazdırsa, ətrafdakı reallığın heç bir qorxunc hadisəsi onun tərəfindən lazımi ciddiliklə qəbul edilmirsə, onlarla əməkdaşlığın heç bir mənası yoxdur.
Axı, güclü dərmanların təsiri altında olan bir insanla müttəfiqlik münasibətləri qurmurlar. Bu vəziyyətdə, potensial tərəfdaşı öz taleyinə buraxmaq qalır.
Ermənistanın taleyi, qorxuram, çox acınacaqlı olacaq. Çünki təəssüf ki, regionda baş verənləri anlamayan və bu hadisələrə təsir edə bilməyən, lakin əksinə, səmimiyyətlə arxayın olan Qərb liderlərinin populist ritorikası əməllərlə tamamlanmır.
Lakin Ermənistanın taleyi onları çox da narahat etmir. Daha çox Ermənistan, daha az Ermənistan – bu, Qərb üçün böyük rol oynamır”.
Natiq Səlim,
KONKRET.az