
Ermənstanın münaqişəni beynəlmiləşdirmək, region ölkələrini münaqişəyə cəlb etmək cəhdləri tam iflasa uğradı
Cəbhədə ağır itkilərə məruz qalan Ermənistan bütün gücünü münaqişəni beynəlmiləşdirmək, digər ölkələri münaqişəyə cəlb etmək, onların dəstəyini qazanmaq istiqmətinə yönəltsə də, heç cür istəyinə nail ola bilmədi. Region dövlətlərini, xüsusilə Rusiyanı tərəf kimi münaqişəyə çəkmək cəhdlləri puç oldu. Bu günlərdə Ermənistan baş nazirinin Rusiya Prezidentinə göndərdiyi məktubun əsas qayəsi də məhz münaqişəni beynəlmiləşdirmək idi. Tamamilə qəbuledilməz olan bu tələbə Rusiya tərəfindən rədd cavabı verilib.
İlk günlərdən Rusiyanın açıq dəstəyinə ümid edən Ermənistan bunu heç cür qazana bilmir. Öz ərazisindən Azərbaycanın cəbhə bölgəsi olmayan ərazilərinə raketlərin atılması da məhz buna hesablanmışdı: Azərbaycan Ermənistan ərazisinə cavab atəşi açsın və Rusiya müttəfiq kimi münaqişəyə cəlb olunsun!
Dəfələrlə edilən təxribatlara rəğmən Azərbaycanın soyuqqanlı davranışı bu çirkin niyyətin qarşısını önlədi. Bu gün Rusiyanın gizli şəkildə Ermənistana silah ötürməsi ilə bağlı məlumatlar olsa da belə, rəsmi Moskva müəyyən qədər neytrallığını qorumaqdadır. Ermənistanın onların əvəzinə Rusiyanın döyüşəcəyinə olan ümidləri puç olub. Moskvanın müharibənin Azərbaycan ərazilərində getməsi barədə açıqlaması Ermənistanın bütün gözləntilərini heçə endirib.
Ermənistan İrana da böyük ümidlər bəsləyirdi. Azərbaycanın təmkinli davranışı düşmənin bu ümidlərini də torpağa gömdü. Cənub istiuqamətindən torpaqları azad edən Azərbaycan İranla sərhədləri nəzarətə götürdü. Ardınca rəsmi Bakı emosiyalara qapılmadan münaqişənin İranın daxilinə sıçramasına imkan vermədi. İranın daxili işlərindən birmənalı olaraq yenə kənarda durdu, qonşuluq münasibətlərinə sadiqliyini nümayiş etdirdi. Necə ki, bunu qlobal güclər İrana qarşı sanksiyalar tətbiq edərkən etmişdi. Nəticə ortadadır; İranın Ali Dini Rəhbəri, sonra isə prezidenti Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat verdi.
Azərbaycanın regonda ən yaxın əməkdaşlıq əlaqələrinə malik Gürcüstan dəfələrlə ərazi bütövlüyümüzü dəstəklədiyini bəyan edib, ilk gündən Ermənistanın yanında olmayıb, öz ərazisindən düşmən ölkəyə silah daşınması ilə bağlı istəkləri qəti şəkildə rədd edib.
Erməni lobbisinin ən güclü şəkildə kök saldığı Fransanın da mövqeyi əvvəlki deyil. Münaqişənin ilk günlərində Fransa Prezidentinin Ermənistana qarşı olan açıq dəstəyi indi ortalıqda yoxdur. Azərbaycanın adekvat reaksiyaları, düşünülmüş siyasəti Fransanı geri çəkilməyə vadar edib.
Beləliklə, Ermənstanın münaqişəni beynəlmiləşdirmək, digər ölkələri münaqişəyə cəlb etmək, onların dəstəyini qazanmaq cəhdləri tam iflasa uğrayıb. Region dövlətlərinin hamısının mövqeyi birdir: Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasının zəruriliyi vurğulanır.
Ermənistanın regional vəziyyəti düzgün dəyərləndirməkdən başqa çarəsi qalmır. Bunun əksi Ermənistanın özünə yaxşı heç nə vəd etmir. Məğlubiyyəti vaxtında etiraf edib, geri çəkilmək düşmən üçün yeganə çıxış yoludur. Bu zamanında edilməzsə, hər sferada genişlənən böhran bu dövlətin mövcudluğunu belə sual altına qoya bilər.
Ermənistan tam təcrid vəziyyətinə düşməsi ilə barışmalıdır. Vurğulamaq yerinə düşər ki, hələ münaqişədən əvvəl Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində işğalçı Ermənistan bütün regional layihələrdən təcrid olunmuşdu; faktiki olaraq dalan dövlətə çevrilmişdi. İndiyə qədər Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini bütün sferalarda davam etdirib və təcrid siyasətinin aradan qalxmasının tək yolu işğal altında olan torpaqların geri qayıtmasıdır. Məhz bu təcrid siyasəti işğalçı ölkənin siyasi və iqtisadi sisteminin çökməsinə gətirib çıxarıb.
Rəsmi Bakının Gürcüstan, Türkiyə, Rusiya və İranın maraqları ilə kəsişməyən proqramlar həyata keçirməsi, paralel olaraq ABŞ və Avropa ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanı Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edə biləcək əsas gücə çevirib. Ermənistan gec-tez bu güclə hesablaşmaq zorunda qalacaq. Münaqişənin uzanmasına vəsilə olan Ermənistan sosial-iqtisadi problemlərin içərisində boğulacağını dərk etməlidir.
Ermənistanın əlində son imkan qalıb. Müharibənin dayanması üçün jest etmək, işğalda qalan əraziləri boşaltmaq, Azərbaycanla əlaqələri bərpa etmək!