“Ermənistan xarici qüvvələrə deyil, daxili qüvvələrə uduzub”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Ali Şurasının rəmzi sessiyasında keçmiş deputat Ruben Akopyan deyib. Onun sözlərinə görə, artıq 2018-ci ildə məlum olub ki, Qarabağ düşmənə verilməli idi və bunu etməli olan da gəlib.
“Biz onu böyütdük və onun arxasında bu bölgədə problemləri həll etmək istəyənlər dayandı. Tərcümeyi-halımızdan danışmağa qorxuruq, ancaq tost deyirik. Hansı qəhrəmanlıq hekayəsindən danışırıq? 20 əsr ərzində 300 min kvadrtkilometr ərazinin yalnız 10%-i qalıb”, – deyə Akopyan bildirib.
O, Ermənistanın xarici qüvvələrə deyil, daxili qüvvələrə uduzduğunu deyib.
“Bu gün biz daxili pisliyə uduzuruq. Bunu kimin yaratdığını söyləməyə qorxuruq. Hər şeyi Rusiya, ABŞ, Türkiyə və Sorosun üzərinə yıxmaq asandır. Biz bunu yaratdıq deməyə qorxuruq. Nikol nikolizmə səbəb oldu. Biz kim olduğumuzu deyənə qədər heç nə dəyişməyəcək. Əgər başa düşməsək ki, özümüz hər şeyi uğursuzluğa düçar edirik, o zaman indiki kiçik Ermənistanı da itirə bilərik”, – deyə eks-deputat qeyd edib.
Onun obrazlı ifadəsində Ermənistan sahibsizləşib, sadəcə supergüclərin “seks”lə məşğul olduğu coğrafi məkana çevrilib. Bu gün Rusiya və Türkiyə bu barədə Ermənistana belə məlumat vermədən Qarabağı müzakirə edirlər.
“Məlum oldu ki, biz öz qələbələrimizdən qorxuruq. Biz yəqin ki, 5 min ölü ilə birlikdə Qarabağın açarlarını Ərdoğan və Əliyevə (Türkiyə və Azərbaycan prezidentləri – red.) təhvil verən Nikolun hələ də qalmasına layiqik. O Nikol Paşinyanı – red.) etiraf etdi ki, bütün bunlar baş verməyə bilərdi, lakin bunu hakimiyyət naminə edib”, – deyə Ruben Akopyan vətəndaşları bu gün keçiriləcək mitinqə qoşulmağa çağırıb.
Xuraman Etibarlı,
KONKRET.az