ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra Tramp yaralanıb, lakin həyatı üçün heç bir təhlükə yoxdur. Bu hadisə Trampın seçkilərdə möhkəm mövqelərini daha da gücləndirib. Qatil öldürülüb. Tramp, eləcə də qızı ilk dəqiqələrdə yaydığı açıqlamada ABŞ xüsusi xidmət orqanlarına tez və peşəkarcasına hərəkət etdikləri üçün təşəkkür edib. Bu, diqqətəlayiq bir detaldır.
İctimaiyyətin böyük bir hissəsi var ki, baş verənlərin Trampı gücləndirdiyini əsas götürərək, bunu “şou” adlandırıb. Əgər belə bir şou təşkil etmək mümkündürsə, onda yalnız xüsusi bacarıqları olan super-professional şəxslərin iştirakı ilə bunu etmək olar. Məhz bu anda belə bir sual yaranır ki, millimetr dəqiqliyi ilə təşkil edilən belə “təhlükəsiz sui-qəsd”in başında hansı təşkilatlar dura bilər?
Erməni analitikləri məhz bu məqamın üzərində dayanmalı olublar: “Sui-qəsd nəzəriyyələri sahəsinə girməyək, xüsusən də biz ermənilər üçün məsələ sui-qəsdin “real” və ya “süni” olduğunu öyrənmək deyil, onun ölkənin daxili siyasi həyatına nə kimi təsir edəcəyini anlamaqdır. ABŞ və prezident seçkilərinin nəticələri, eləcə də beynəlxalq vəziyyətlə bağlı ABŞ-ın qlobal miqyasda böyük rolunı nəzərə alanda adamı vahimə basır. Məsələ Ermənistanda əsasən belə bir məntiqlə müzakirə olunur: Trampın qələbəsi bizim üçün faydalıdır, yoxsa Bayden üçün? Bu tamamilə mənasız sualdır. Həmin seçkilərin nəticələrinə həlledici təsirimiz olsaydı, bəlkə də bu sual məntiqli görünərdi.
Ona görə də biz ABŞ prezident seçkilərinin istənilən nəticəsinə, istənilən yeni ABŞ administrasiyası, o cümlədən Trampın mümkün administrasiyası ilə işləməyə hazır olmalıyıq. Tramp prezident olarsa, Ermənistan-ABŞ münasibətləri necə inkişaf edəcək? İrəvan buna hazırlaşırmı? Təbii ki, Trampın ABŞ prezidenti olduğunu və seçkinin texniki prosesə çevrildiyini iddia etmək o qədər də doğru olmaya bilər.
Ümumiyyətlə, ABŞ primitiv proseslər ölkəsi hesab olunmamalıdır. Erməni cəmiyyəti bu proseslərin müxtəlif mümkün ssenarilərinə hazır olmağı bacarmalıdır. Burada mütləq çox iş görülməlidir. Tez-tez deyildiyi kimi, ABŞ-ın strategiyası prezidentlərin dəyişməsinə məruz qalmır, lakin bu strategiyaya xidmət edən taktika dəyişilə bilər. Bu baxımdan erməni başbilənləri ABŞ-ın əhəmiyyətini, imkanlarının miqyasını nəzərə almalıdır. Taktiki dəyişikliklər daha təvazökar aktorlar üçün əhəmiyyətli olur. Ermənistanda hakimiyyətdə kim olursa-olsun ABŞ-ın strateji və taktiki gedişlərini düzgün hesablamalıdır. Azərbaycan kimi ölkələr bu sahədə çox böyük uğurlar qazanıb. Elə Putin dövrünün son mərhələsində taktiki gedişlər elə sürətlə dəyişdi ki, erməni siyasi diploatiyası hələ bunu anlamaqda çətinlik çəkir. Gecə-gündüz ümid edək ki, ABŞ-la bağlı bu faciə təkrarlanmasın”.
Qeyd edək ki, bu müzakirələr ABŞ Dövlət katibinin müavini Zeyanın baş nazir Paşinyanla görüşünə təsadüf edib. O görüş ki Ermənistan-Amerika münasibətlərinin dərinləşməsi, o cümlədən Ermənistanın üç istiqamətli islahatlarına dəstək məsələləri müzakirə edilib. Həmin görüşdə ABŞ tərəfi vurğulayıb ki, rəsmi Vaşinqton Ermənistanın müstəqilliyi, suverenliyi və demokratiya məsələlərinə ciddi dəstək göstərəcək.
Görüşlə bağlı yayılan rəsmi press-rezildə vurğulanır ki, Birləşmiş Ştatlar demokratik təsisatların və müstəqil məhkəmə sisteminin gücləndirilməsi, korrupsiya ilə mübarizə və qanunun aliliyinin yüksəldilməsi sahəsində Ermənistanla əməkdaşlığa önəm verir.
Natiq Səlim,
KONKRET.az