Ermənistanın Avropaya inteqrasiya etməsi Rusiyanın maraqlarına ziddir və Moskva bununla bağlı İrəvana bir neçə dəfə irad da bildirib. Əslində Ermənistanda bunun onlar üçün elə də asan olmayacağını anlayırlar. Amma 7 il əvvəl hakimiyyətə gələn Paşinyan Qərb qarşısında götürdüyü öhdəlikləri axıra qədər yerinə yetirməlidir. Ermənistanda avropalaşmanın bədəlinin ağır olacağı hər kəsə bəllidir və bunu Gürcüstan və Ukrayna praktikasında da görüblər. Amma Paşinyan siyasi kursunu davam etdirir və Rusiyadan birdəfəlik qopmaq üçün yollar axtarır. Artıq Rusiyanın Ermənistandakı ordusunun yardımından da imtina edilib. Əvvəlcə “Zvartnos” hava limanından, daha sonra isə İran sərhəddindən çıxarılan rusiyalı hərbçilərin, Türkiyə sərhəddindən də kənarlaşdırılması prosesi başlayıb. Deməli, Paşinyan Rusiya ilə bağlı planlarını mərhələ-mərhələ yerinə yetirməkdədir. Növbəti addım nə ola bilər?
KONKRET.az xəbər verir ki, Ermənistanın KTMT-dən çıxacağı ehtimal edilsə də, bu prosesin yaxın vaxtlarda baş vermə ehtimalı azdır. Bəlkə Ermənistan Avrasiya İqtisadi Birliyi ilə vidalaşacaq? Bu da inandırıcı deyil. Rusiya ilə iqtisadi dövriyyəsi artan Ermənistan bu iqtisadi birlikdən öz xoşuna çıxmayacaq. Beləcə Rusiya ilə Ermənistan arasında fikir ayrılığı qalsa da, “müttəfiqlər” bir-birini asanlıqla tərk etməyəcək.
Amma bütün bunlara baxmayaraq Rusiya Ermənistanın siyasi manevrlərini diqqətlə izləyir. Ermənilərin avropalaşma istəyi hələ onların Avropaya buraxılması demək deyil. Ermənistan hazırkı iqtisadi vəziyyətlə Aİ-nin ətrafına belə yaxınlaşa bilməz. Ermənistanda ekspertlər hesab edirlər ki, onların ölkəsinin Aİ-yə daxil olmasına ən azı 7-10 il vaxt lazımdır.
Rusiyalı politoloq Sergey Markedonov isə bildirib ki Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan məsələləri həll etməlidir.
“Ermənistan hesab edir ki, Aİ-yə üzvlük onların güclənməsi deməkdir. Amma onların hansı mənada güclənəcəklərini anlamıram. Bəlkə onların məqsədi hərbi sahədə güclənməkdir? Hərçənd, bu proses nəticəsində yarana biləcək təhlükələri dərk etməlidirlər”, – deyə Markedonov vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az