“Ermənistan hələ də KTMT üzvlüyünün dondurulduğunu elan edir, amma əslində o, dondurulmayıb”.
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı analitik Fyodor Lukyanov Paşinyanın Ermənistanın KTMT üzvlüyünü dondurması ilə bağlı bəyanatına istinad edərək bildirib.
Politoloq deyib ki, Paşinyan uzun müddətdir ki, KTMT-dən şikayət edir, lakin buna baxmayaraq, təmasların davam edəcəyini, mövcud problemlərin həll olunacağına ümid etdiyini bildirib.
“Əlbəttə ki, deyilənlər həm Rusiya, həm də KTMT üçün narahatlıq doğurur və bu, təşkilat səviyyəsində müzakirə olunmalıdır. Çoxlu açıqlamalar ola bilər, amma bununla bağlı heç bir proses başlanılmır. Əslində ən önəmlisi addımlardır. Suallar çoxdur: bu məsələ Rusiya ilə müzakirə olunubmu, hansı cavablar verilib, müzakirə olunmayıbsa, belə bir şey necə açıqlanır?
Düşünürəm ki, tam mənzərə haqqında mühakimə yürütmək bir qədər tezdir, çünki bu məsələ ilə bağlı ikitərəfli və çoxtərəfli görüşlər, ardıcıl və məqsədli danışıqlar təşkil edilməlidir. Bunun nə üçün açıqlanması ilə bağlı çoxlu fərziyyələr və mülahizələr irəli sürə bilərik. Görünən isə odur ki, heç bir proses yoxdur, ona görə də aydın cavabları gözləmək düzgün olardı”.
Lukyanovun sözlərinə görə, bu, həm Rusiyaya, həm onun tərəfdaşlarına, həm də İrana aiddir. Çünki İranın qonşuluğunda təhlükəsizlik sistemi dəyişir və bu, İranı qətiyyən qane etməyəcək.
Xatırladaq ki, Nikol Paşinyan Parisə işgüzar səfəri zamanı “France 24” telekanalına müsahibəsində Ermənistanın KTMT-də iştirakının dondurulduğunu bildirmişdi.
O, həmçinin vurğulayıb ki, Rusiya hərbi bazasının Ermənistanda saxlanılması məsələsi hazırda müzakirə olunmur. Bundan əvvəl, 2023-cü il oktyabrın 25-də “The Wall Street Journal” qəzetinə müsahibəsində Paşinyan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ehtimalına toxunaraq qeyd etmişdi ki, ölkəsi hazırda belə bir məsələni müzakirə etmir.
Natiq Səlim,
KONKRET.az