Cənubi Qafqazda cərəyan edən hadisələr region dövlətlərinin diqqət mərkəzindədir. Qərbin Ermənistan üzərindən bölgəyə soxulmaq cəhdi və region dövlətlərinin buna qarşı olması siyasi mənzərəni bir qədər qəlizləşdirir. Məqsəd sadəcə Ermənistanı silahlandırmaq, Rusiyanı bölgədən sıxışdırmaqdır. Rusiyanın isə regionu asanlıqla tərk etmək fikiri yoxdur. Türkiyəli politoloq, tarix elmləri namizədi, Yaxın Şərq üzrə ekspert, Moskva Dövlət Linqvistika Universitetinin xarici regionşünaslıq kafedrasının dosenti İkbal Dürrən də bu fikirdədir:
– Cənubi Qafqaz Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Və əgər Ukrayna hadisələrinə görə Rusiyanın bu regionda daha passiv siyasət yeritdiyi təəssüratları yaranırsa, bu, yanlış təsəvvürdür. Aydındır ki, son illərdə Moskvanın siyasətində prioritet Ukrayna hadisələridir. Lakin bununla yanaşı, Moskva kifayət qədər praqmatik siyasət yeritməklə Cənubi Qafqaz regionunda əvvəlki mövqelərini itirmək istəmir.
– Azərbaycan Qarabağ bölgəsi üzərində öz suverenliyini tam bərpa edib. Bundan sonra regionda mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
– Qarabağın qaytarılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun idi. Hesab edirəm ki, regionda münaqişə potensialı xeyli azalıb.
– Ermənistanın qərbyönlü siyasəti nə ilə nəticələnə bilər?
– İrəvanın bəzi Qərb dövlətləri və təşkilatlarının simasında yeni müttəfiqlər axtarması təbii ki, Rusiyanı qıcıqlandırır. Amma Ermənistan rəhbərliyinin bu mənada dəqiq fəaliyyət planının və qətiyyətinin olmadığı göz qabağındadır. Digər tərəfdən, Ermənistan suveren dövlətdir. Mənə elə gəlir ki, ölkə rəhbərliyi tarixi narazılıqlara deyil, mövcud reallıqlara əsaslanaraq, mövcud sərhədlər daxilində öz vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılmasına diqqət yetirməlidir.
– Ermənistan KTMT, Aİİ və MDB-dən çıxacaqmı?
– Bu təşkilatlardan çıxmaq Ermənistan üçün ciddi səhv olardı. Eyni zamanda, heç kim ona başqa ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirməyə qadağa qoya bilməz.
– Ukraynada müharibə bitdikdən sonra Rusiyanın Ermənistana keçəcəyi ilə bağlı ekspert rəyləri var. Bu halda Moskva İrəvana qarşı hansı təzyiq alətlərindən istifadə edə bilər?
– Moskva öz qüvvələrini qərb istiqamətinə yönəltdiyinə görə Cənubi Qafqazda müəyyən nöqsanlar ola bilərdi, amma düşünürəm ki, yaxın illərdə Rusiya itirilmiş vaxtı kompensasiya edəcək. Ona görə də bütün oyunçular bunu nəzərə alaraq hərəkət etməlidirlər. Heç bir halda Cənubi Qafqazın Rusiya üçün guya prioritetini itirdiyi illüziyasına qapılmamalıdırlar.
– Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaqmı?
– Əminəm ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına həmişəkindən daha yaxındır.
Vəli Həsənov,
KONKRET.az