“Artıq dəfələrlə qeyd etdiyim kimi, bizim vəzifəmiz odur ki, 2026-cı il parlament seçkilərinə qədər yeni konstitusiyanın mətni olsun”.
KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə yanvarın 14-də mətbuat konfransında Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib.
Onun sözlərinə görə, “məxməri inqilab”dan dərhal sonra yeni konstitusiya məsələsi qaldırılıb, hətta konsepsiya yaradılıb, amma iş məntiqi nəticəyə gəlməyib.
“Yeni nazir kimi mən hesab edirəm ki, xalqın bəyənə və ya rədd edə biləcəyi yeni konstitusiya layihəsi hazırlamaq lazımdır”, – Qalyan deyib.
Nazir hesab edir ki, hazırkı konstitusiyada sosial əhəmiyyətli suallara cavab yoxdur.
Bu arada nazir “İstiqlal Bəyannaməsi”nə istinadın yeni konstitusiyada qalıb-qalmayacağı sualına cavab verməyib:
“Mətn üzərində qrup işləyir. Tezliklə komissiya işini bərpa edəcək. Nəticədə əsas qərarı xalq verəcək”.
Xatırladaq ki, Ermənistanın “İstiqlal Bəyannaməsi”ndə “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında” müddəa öz əksini tapıb və konstitusiyada da bu akta istinad olunub.
Bu müddəa Azərbaycanın ərazi bütövlüyünə açıq iddiadır və rəsmi Bakı onun Ermənistan qanunvericiliyindən çıxarılmasını tələb edir.
Natiq Səlim
KONKRET.az