Rusiyalı jurnalist və siyasətçi Maksim Şevçenko Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etmək qərarına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, jurnalist bu qərarın Ermənistan üçün mümkün mənfi nəticələrini proqnozlaşdıraraq qlobal münasibətlərdə və qanunun aliliyində baş verən dərin dəyişikliklərə öz əminliyini ifadə edib: “Baş verənlər dünya münasibətləri sisteminin tamamilə dağılmasıdır, bəzi ölkələrin parlamentlərinin qərarları geridönməzdir, qətidir”.
Şevçenkonun sözlərinə görə, Haaqa Məhkəməsinin qərarları Ermənistan ərazisində qüvvədə olacaq və Ermənistan daim qlobal münaqişəyə cəlb ediləcək.
Şevçenko vurğulayıb ki, Azərbaycanla münaqişə artıq Ermənistanın suveren dövlət kimi mövcudluğunu sual altına qoyub və bu dövlət üçün hər şey Qərbi Azərbaycan və ya İrəvan Xanlığı adının dəyişdirilməsi ilə bitə bilər: “Qəbul edilmiş qərar hansısa beynəlxalq hüquq sənədinin qəbulu deyil, bu, Aİ-nin mütləq vassal andıdır”.
Şevçenko həmçinin Aİ-nin beynəlxalq arenada maraqlarını qorumaq üçün kiçik müttəfiqlər axtardığını bildirib və Ermənistana mümkün risklər barədə xəbərdarlıq da edib: “Aİ indi Qafqaza girir. Bəs həqiqətənmi Türkiyə və Rusiyanın buna dözəcəyini düşünürlər? Siz ermənilər bu cür yanaşmalarla Azərbaycanın və ya Osmanlı İmperiyasının bir hissəsi olmaq məcburiyyətində qala bilərsiniz”, -deyə o erməniləri xəbərdar edib.
Rusiyalı siyasətçi daha sonra qeyd edib ki, Ermənistan beynəlxalq aləmdə “sövdələşmə obyektinə” çevrilmək təhlükəsi ilə üz-üzədir:
“Yəni, Ermənistan Roma Xartiyası ilə İrana arxalanacaq, yoxsa bunun hesabına Moskva, Ankara və ya Qərbdəki tərəfdaşları ilə sövdələşəcək?”
Əslində suallar çoxdur və çox güman ki, Ermənistan rusların bu sualları qarşısında öz arqumentini ortaya qoymağı düşünür. Amma bütün hallarda Ermənistan, ən yaxın dostundan əlini birdəfəlik çəkmək istəyir. Bunun da bədəli ağır olacaq.
Vəli Həsənov,
KONKRET.az