Ermənistan daxilində fikir ayrılıqları ölkənin ictimai-siyasi həyatına ciddi təsir edir. Müxtəlif siyasi qurumların, o cümlədən, kilsənin cəmiyyətə təsiri fonunda hadisələr fərqli istiqamətdə inkişaf edir. Ermənistanın 1-ci prezidenti Robert Köçəryanın fəallaşması və yenidən revanşist bəyanatlar verməsi də, düşmən ölkədə siyasi hadisələrə kənardan təsir elementlərinin mövcudluğunu göstərir. Əksər ekspertlər hesab edirlər ki, Köçəryanın fəallaşmasının arxasında Rusiya dayanır. Bəzi tezisləri Köçəryana ötürən Moskva Ermənistanda daxili stabilliyi pozmaqda maraqlıdır. Bunu həm də, Paşinyana cinahlardan edilən təzyiq kimi qiymətləndirmək olar. Avropaya inteqrasiya yolunu tutan Paşinyan eyni zamanda Ermənistanın Konstitusiyasında dəyişiklik etmək istəyir.
Ermənistanda revanşizmə çağırış edən qüvvələr, başda Köçəryan olmaqla baş nazirin bu siyasətinə qarşı çıxır. Paşinyan isə heç kəsə məhəl qoymadan siyasi kursunu davam etdirməkdə israrlıdır. Erməni cəmiyyətinə “Tarixi Ermənistan”dan imtinanı tövsiyyə edən Paşinyan, bunun üçün bəzi iddialardan əl çəkməyi məsləhət görür. Qonşu dövlətlərə ərazi iddiasından əl çəkməyi, dövlət himninin sözlərində dəyişiklik etməyi, bir sözlə zərərli erməni ideologiyasından imtinanı, xalqın gələcəyi üçün faydalı sayır.
Ermənistan müxalifəti isə Paşinyanın bu mövqeyi ilə barışmır və onu satqınçılıqda ittiham edir. “Hraparak” nəşri yazır ki, guya Paşinyan parlamentin qapalı iclaslarında da, öz deputatlarına ideoloji mesajlarını verib. O, Ermənistanın dövlət rəmzlərinə yenidən baxılmasının vacibliyini bildirib. Təkcə Konstitusiyaya deyil, həm də bayrağına və digər dövlət rəmzlərinə yenidən baxılması imkanının nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. Paşinyan bildirib ki, burada Azərbaycanın xahişi də önəmli rol oynayır. Həmçinin indi Ermənistanın yeni, real modelini işləyib hazırlanmasının vaxtı çatdığını və bununla Dördüncü Respublikanın əsasını qoyduğuna eyham vurub. Ermənistan baş naziri bu fikirləri İctimai Radioya müsahibəsində də təkrar edib. Ondan Dördüncü Respublika üçün yeni Konstitusiya təklif edib-etmədiyini soruşduqda, Paşinyan bildirib ki, bu, yeni ideyalardan biridir.
Vəli Həsənoğlu,
KONKRET.az