Ermənistanın Türkiyə ilə bağlı son ümidi: “Ərdoğan bu addımı atmağa o halda razılaşır ki…”backend

Ermənistanın Türkiyə ilə bağlı son ümidi: "Ərdoğan bu addımı atmağa o halda razılaşır ki..."

Ermənistanın baş naziri Nikol Paşinyan son televiziya müraciətində ölkə vətəndaşlarını dünyaya səpələnmiş erməni millətini deyil, dövlətin və xalqının maraqlarını müdafiə etməyə çağırıb. Bunun üçün o, ölkə konstitusiyasının dəyişdirilməsini və əsas qanuna referendumda səs verməyi təklif edib. Amma eyni zamanda, Paşinyan Azərbaycana qarşı ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılıb-çıxarılmayacağı barədə bir kəlmə də danışmayıb.

KONKRET.az xəbər verir ki, belaruslu politoloq, siyasi elmlər namizədi Svetlana Korniçenko Ermənistan Konstitusiyasının dəyişdirilmə prosesinə toxunub. Politoloq bildirib ki, Paşinyanın ölkə konstitusiyasının dəyişdirilməsi təklifi ilə Ermənistan cəmiyyətinə müraciəti, ölkə daxilində siyasi mövqelərini, eləcə də parlamentdə irəli sürdüyü tezisləri həyata keçirmək üçün yeni cəhdidir:

“Sorğular göstərir ki, Paşinyanın reytinqi nəzərəçarpacaq dərəcədə aşağı düşür və ictimaiyyətin ona inamı zəifdir. Bu da öz növbəsində bir sıra amillərlə bağlıdır. Erməni xalqı baş nazirin yüksək səsli bəyanatlarından yorulub. Bu, ilk növbədə ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlıdır. Baxmayaraq ki, Paşinyan bir neçə il əvvəl ən dramatik dəyişikliklər vəd etmişdi. Paşinyanın ölkənin siyasi kursunu tamamilə dəyişmək cəhdi indi öz mənfi bəhrəsini verir. Ermənistan Aİİ-dən çıxarsa, Rusiyada yaşayan və işləyən ermənilərin taleyinin necə olacağı tam aydın deyil. Əsas gəliri Rusiyadan olan bir çox ailələr bu cür dəyişikliklərdən qorxurlar, bu onlara ciddi zərbədir.

Digər tərəfdən, Paşinyanın Türkiyə ilə sərhədi açmaq və ticarətə başlamaq vədləri də blefdir. Çünki Türkiyə bu addımı atmağa o halda razılaşır ki, İrəvan Bakı ilə sülh müqaviləsinin bütün bəndlərində razılaşsın, həmçinin Zəngəzur dəhlizinin açılmasına şərait yaratsın. Ermənilər anlayır ki, onların hökuməti regional izolyasiyaya meyllidir və heç bir ciddi müsbət geosiyasi addımlar atmır. Erməni xalqı isə yoxsulluq içərisindədir və siyasi oyunların spesifikliyinə varmadan, sadəcə sərhədlərin açılmasını və ticarətin qurulmasını gözləyir.

Üçüncü amil Bayden komandasının gedişi və Makronun ölkə daxilində mövqelərinin zəifləməsi ilə bağlı Ermənistanın siyasi nüfuzunun nəzərəçarpacaq dərəcədə azalmasıdır. Görünür, Makron hazırda İrəvanla maraqlanmır. Deməli, Ermənistan baş nazirinin təmtəraqlı müraciəti sadəcə olaraq növbədənkənar parlament seçkiləri prosesinə başlamaq cəhdidir. Bu prosesdə Paşinyan ona müxalif olan siyasi qüvvələrə böyük fərqlə qalib gəlməlidir ki, bu da onun yaxın illərdə ölkədəki mövqelərini gücləndirəcək. Lakin Paşinyan Ermənistanın Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində kursuna biganədir”.

Qazaxıstanlı politoloq Ruslan Salihov da məsələyə münasibət bildirib. Onun fikrincə Paşinyan indi seçicilərini yola vermək üçün yeni şou hazırlayıb:

“Paşinyanın Azərbaycana qarşı ərazi iddialarını konstitusiyadan çıxarmaqdan imtinası narahatedicidir. Əksinə, İrəvan bu məsələdə daim bəhanələr gətirir. Keçən il Ermənistanın Konstitusiya Məhkəməsi Müstəqillik Bəyannaməsi ilə Konstitusiyanın məzmununun eyni olmadığını bildirib. Buna görə də konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə dair heç bir iddianın olmadığını və Bakının narahatlığına əsasın qalmadığını açıqlayıb. İndi də o, xalq üçün heç nəyi kökündən dəyişmədən və Azərbaycanla fikir ayrılıqlarını aradan qaldırmadan daxili siyasi gündəmə müəyyən dinamika gətirmək, elektoratı cəlb etmək üçün yeni siyasi şou hazırlayıb. Əksinə, Paşinyan daha çox revanşizmə meyl göstərir. Açıq-aydın Fransa və digər Avropa ölkələrinin dəstəyinə ümid edir ki, bu da Bakını qıcıqlandırır. Təəssüf ki, Cənubi Qafqazda vəziyyətin sabitliyinin pozulması davam edir”, – Ruslan Salihov vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*