Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,27 ABŞ dolları, yaxud 1,52 % azalaraq 82,45 ABŞ dolları olub.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 77,66 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Maraqlıdır, neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan neftinin qiyməti dünya bazarında olan digər neftlərin dəyərdən düşməsi nəticəsində ucuzlaşır:
“Neftin qiymətinin ayrıca tənzimlənmə mexanizmi yoxdur. Bu əsasən “Brent” markalı neftin qiymətinə bağlıdır. Son 1-2 aya nəzər salsaq, qiymətlərin kəskin şəkildə oynadığını müşahidə edirik. Neftin 76, 88 dollar olduğunu da gördük. Neft nə qədər ucuzlaşırsa, iqtisadiyyatda da bir o qədər yük yaranır, çünki ölkəyə valyuta daxilolmaları azalır. Bu da büdcə öhdəliklərinin yerinə yetirilməsində problemlərə səbəb olur. Hələlik vəziyyət kritik həddə deyil”.
Ekspertin hesab edir ki, hazırda başlıca problem neftin ucuzlaşması yox, neft hasilatının azalmasıdır:
“Azərbaycan nefti kəskin azalır. Bu Azərbaycan iqtisadiyyatı və xarici ticarət balansı üçün böyük problemlər yaradır. Neft hasilatının azalması satılan neftin həcminin azalmasına səbəb olur. Satılan neftin həcmi azaldıqca ölkəyə valyuta daxilomaları azalır. Bu da neftin qiymətinin azalmasından daha böyük problemdir”.
Aygün Mirakif,
KONKRET.az
2030…dan sonra…