Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
KONKRET.AZ xəbər verir ki, hadisə rayonun Hüsülü kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Mirzəyev Əliheydər Əlimərdan oğlu kənd sakini Məmmədov Namiq Nadir oğlunun həyətində oğlunun hərbi xidmətə çağırılması ilə bağlı təşkil edilən yığıncaqda həmkəndlisi, 1982-ci il təvəllüdlü Mirzəyev Seymur İnqilab oğlu ilə mübahisə edib. Mübahisə zamanı S.Mirzəyev aralarında böyük yaş fərqi olduğu üçün Ə.Mirzəyevlə mübahisə etmək istəməyib.
Bundan hiddətlənən Ə.Mirzəyev evlərinə gələrək bıçaq götürüb S.Mirzəyevi izləyib. Yığıncaqdan sonra S.Mirzəyev evinə gələrkən həyət darvazasının yanına çatanda Ə.Mirzəyev ona arxadan 5 bıçaq zərbəsi endirib.
Yaralı ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb və əməliyyat olunub.